20.04.2024, 12:13
AZ EN
26.02.2023, 07:40 100

Salman Alıoğlu: "Ermənilərin törətdikləri qırğının mənzərəsi çox dəhşətli və qorxunc idi"

YAZILAR
  • XX əsrin ən böyük faciəvi hadisələrindən olan Xocalı qətliamı təkcə azərbaycanlılara deyil, ümumilikdə, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Bu cinayəti törədənlərin insanlığa qənim kəsildiyini isə təkcə tarixi sənədlər deyil, həm də faciənin canlı şahidi olmuş soydaşlarımızın xatirələri sübuta yetirir.

Üstündən illər ötsə də, Xocalı faciəsinin şahidləri hələ də ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin təsirindən çıxa bilmirlər. Belə insanlardan biri - Xocalı faciəsi zamanı “Qarabağ” qəzetinin müxbiri işləyən Salman Alıoğlu 31 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışıb. O deyib: “Qarabağ” qəzeti Qarabağda baş verən hadisələrin daha dəqiq və obyektiv işıqlandırılması məqsədilə təsis edilmişdi. Qəzetin redaksiyası Ağdam şəhərində idi. Qəzet Bakıda nəşr olunurdu. “Qarabağ” qəzetin ilk gündən oxucularına münaqişənin alovlandığı bütün nöqtələrdən real vəziyyət haqqında operativ xəbərlər çatdırırdı. Xocalı faciəsi zamanı mən qəzetin müxbiri kimi Ağdamdakı könüllü dəstələrin əsgərləri ilə birlikdə Şelli-Əsgəran istiqamətinə getmiş və ermənilər tərəfindən törədilən dəhşətli hadisələrin, vəhşiliklərin şahidi olmuşam. Həmin gecə hava buz kimi soyuq idi, şaxta adamı qılınc kimi kəsirdi. Gecə saat 22-23 radələrində xocalılılar erməni və rus silahlı dəstələrinin hücumuna məruz qaldılar. Düşmən güllələrindən qurtulmaq üçün əhali Qarqar çayın yatağına doğru qaçdı. Qocalar, qadınlar, uşaqlar çayın soyuq suyundan keçərək meşələrə sığındılar. Onlar qarla örtülmüş dərə-təpələri aşaraq Ağdam istiqamətinə doğru irəliləyirdilər. Fəqət, düşmən güllələri onları öldürür, yaralayır, qanı axan insanlar sürünərək yola davam edirdilər. Kolların sırsıra bağlamış budaqlarından qan damcılayırdı, ağappaq çöllər qana boyanmışdı. Şelli dağlarındakı qayaların üstü qan gölməçələri və düşmən güllələrinin izi ilə dolu idi. Həmin gecə Ağdam camaatı, özünümüdafiə qüvvələri acı xəbəri eşidən kimi ayrı-ayrı dəstələrə bölünərək Qaraqaya, Naxçıvanlı və Şelli dağları istiqamətində xocalı sakinlərini xilas etməyə səfərbər oldular. Mən də köməyə tələsən adamlarla birlikdə Şelli dağının Əsgərana baxan tərəfinə getdim. Kolların arasında yaralılar inildəyirdi, bəziləri donmuşdu. Burada çox dəhşətli bir mənzərənin şahidi olduq. Təxminən üç yaşındakı bir qız uşağı anasının qucağında donaraq ölmüşdü. Əlləri, ayaqları şaxtadan keyimiş ana isə onun sağ olduğunu düşünərək son nəfəsi ilə balasını isitməyə çalışırdı. Yaralı qadınları, donmaq təhlükəsi ilə üzləşən uşaqları yük maşınları ilə Ağdam xəstəxanalarına daşımağa başladıq. Dağın ətəklərindən bir qədər uzaqdakı çöllük insan cəsədləri ilə dolu idi. Ağdam özünümüdafiə dəstələri erməni silahlılarının dinc insanları təqib etməsinin qarşısını döyüşərək saxlayır, yaralıları və meyitləri daşıyanları qoruyurdular. Ağdam məscidinə yüzlərlə cəsəd gətirildi. Onların arasında qocalar, qadınlar və uşaqlar daha çox idi. Ağdamlılar faciə qurbanlarının el adəti ilə dəfn edilməsi üçün ayağa qalxmışdılar. Xəstəxanalarda yaralılara yardım üçün qan verənlərin növbəsi yaranmışdı. Ağdam matəmə bürünmüşdü, düşmən bombaları altında yaşayan şəhərdə iki Şəhidlər xiyabanı salınmışdı, həmin ərazilər dolandan sonra Uzundərə adlanan yerdə üçüncü Xiyaban yaradıldı. Sarsılmışdıq, ermənilərin vəhşiliklə törətdikləri bu qırğının mənzərəsi çox dəhşətli və qorxunc idi. Gördüyüm dəhşətləri qələmə alıb, fevralın 27-də “Qarabağ” qəzetində Xocalı faciəsi ilə bağlı yazı verdik”.

Salman Alıoğlu Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının heç zaman unudulmayacağını bildirib: “İllər ötsə də, əsrlər keçsə də, Azərbaycan xalqı ermənilərin törətdiyi Xocalı soyqırımını heç vaxt unutmayacaq, mənfur düşməni heç vaxt bağışlamayacaq. Ermənilərin havadarları, bəzi Qərb dövlətləri, ermənipərəst dairələr, onların şər və böhtan dəyirmanına dən tökənlər bilməlidirlər ki, Xocalı qatilləri son nəfərinədək cəzalandırılacaq. Belə də oldu. Azərbaycan əsgəri əlləri körpə uşaqların qanına bulaşmış Robert Koçaryanın və Serjik Sərkisyanın qurduğu “güclü Ermənistanı" döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğratdı. Şəhidlərimizin qisası döyüş meydanında alındı”. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR