-Ədalət müəllim, bildiyiniz kimi, artıq 25 gündür ki, Laçın-Xankəndi yolunda məlum aksiya davam edir. Dinc aksiyada ekofəallar, vətəndaş cəmiyyəti və s. nümayəndələr haqlı tələblərini müxtəlif dillərdəki şüarlarla davam etdirirlər. Bu aksiya dünyanın diqqətində olsa da, amma hələ ki, haqlı səsimiz müəyyən yerlərə çatmır, əksinə buna sərt reaksiya verən bəzi dövlətlər də var. Buna münasibətinizi bilmək istərdik və bu aksiyanın sonu nə ilə nəticələnəcək?
-Azərbaycandan olan ekofəalların Laçın-Xankəndi yolunda aksiya keçirməsi bəzi azsaylı dövlətlər tərəfindən müsbət qarşılanmasa da, ümumilikdə bu, Azərbaycanın haqlı etirtazlarının nümayiş olunması və beynəlxalq ictimaiyyətin bu, Qarabağda rusların müvəqqəti nəzarətində olan ərazilərdə baş verən ekoloji fəlakət barədə dünya ictimaiyyətini məlumatlandırmaq üçün kifayət qədər effektiv bir aksiya oldu və hesab edirəm ki, bu aksiyalar iştirakçıların tələbləri yerinə yetirilən son ana qədər davam edəcək. Yəni, bu aksiyanın əsas məqsədi yolun bağlanması deyil, əksinə Azərbaycan dövlət qurumları və ekofəallar üçün bu yolun açılması və Azərbaycanın öz ərazilərində baş verən proseslərin monitorinqini keçirmək məqsədi ilə başlanılıb və kimsənin də bu aksiyaya mane olmaq və ya ordakı proseslərə təsir etmək imkanına malik deyil. Hesab edirəm ki, tez ya gec aksiya iştirakçıları öz məqsədlərinə nail olacaq.
-Düşmən vaxt uzatmaqla hərbi güc toplamırmı və Xankəndində yaşayan ermənilər Ruben Vardanyanın təsirindən çıxa biləcəkmi?
-Təbii ki, Ermənistan tərəfi vaxt uzatmaq prosesini çıxış yolu kimi görsə də bu, nəticə verməyəcək. Çünki rusların ərazidə qalma müddəti 2025-ci ilin 9 noyabrında başa çatır və bu səbəbdən də onlar seçim etməlidirlər. Ya Azərbaycan vətəndaşı kimi bizim qanunlar çərçivəsində yaşayacaqlar, ya da o ərazidən çıxıb getməli olacaqlar. Bizə qarşı silah yönəldilənlər isə mütləq məsuliyyətə çəlb olunacaq.
Ruben Vardanyana gəldikdə isə mən Qarabağda yaşayan separatçı rejim rəhbərliyində təmsil olunan Ruben Vardanyan qədər Qarabağ ermənilərinə ziyan vuran ikinci bir şəxs tanımıram. Çünki məhz Ruben Qarabağa gələndən sonra daha əvvəl əldə olunan nailiyyətlərin hamısı sıfırlandı. Nəticə etibarilə bu gün Vardanyanın “Ən yaxşı həyat üçün mən Qarabağa gəlmişəm” bəyanatından artıq əsər-əlamət yoxdur. İndi isə Vardanyan “Biz müəyyən məhdudiyyətlərlə yaşamaq məcburiyyətindəyik” bəyanatını verir. Cəmi iki ay ərzində Qarabağ ermnilərinin hardan-hara gəldikləri məlum olur. Nəticə etibarilə bu gün Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə aid humanitar yüklərin ərazidən keçməsinə heç bir etiraz etmir. Amma biz bu yükləri yoxlamaq niyyətindəyik. Bu yoxlamalar olmadığı müddətdə həmin yüklərin də hərbi təchizatla bağlı olması səbəbindən Xankəndinə keçməsi məqsədə uyğun deyil. Erməni tərəfi isə nədənsə “soyqırımdan, humanitar fəlakətdən, etnik təmizləmədən” belə bəhs etdikləri halda, nədənsə əraziyə gətirdikləri yükləri Azərbaycan tərəfinə yoxlanmaq üçün təqdim etməkdən imtina edirlər. Bu, onların öz işləridir. Nə qədər imtina edirlər, bir o qədər də çatışmazlıqlarla, məhdudiyyətlə blokdada yaşamaq məcburiyyətində qalacaqlar.
-Beynəlxalq Böhran Qrupunun Azərbaycan-Ermənistan arasındakı gərginliyin bu il də davam edəcəyinə dair proqnoz hesabatını yayımlayıb. Bununla bağlı fkrinizi bilmək istərdik.
-Beynəlxalq Böhran Qrupunun Azərbaycan-Ermənistan arasında gərginliyin davam edəcəyinə dair bəyanatı da bir sirr deyil. Zatən, bu gərginlik 30 ildən artıq bir müddətdir davam edir. Sadəcə burda dəyişən odur ki, artıq Azərbaycan qalib tərəfdir və şərtləri Azərbaycan tərəfi diqtə edir. Yaxın perspektivdə onlar Azərbayanla Ermənistan arasında müharibə ehtimalını yüksək dəyərləndirirlər. Mən, sadəcə, burda düzəliş elədim. Müharibə yox, Ermənistan tərəfindən daha kiçik miqyaslı təxribatlar, və bunun nəticəsində baş verəcək toqquşmaları mən də istisna etmirəm. Çünki Ermənistan tərəfi birgə bəyanat üzrə üzərinə götürdüyü öhdəliklərin bir çox bəndlərini tam həcmdə icra etməyib. Bu isə birgə bəyanatdan Ermənistanın imtina etməsi anlamına gələr, məğlub tərəfin isə belə bir fəaliyyətləri, təbii ki, bizi qane etməyə bilir. Ermənistanın törətdiyi növbəti bir təxribat onlar üçün ən azından keçən ilin sentyabr hadisələrinin təkrarlanması ilə nəticələnə bilər. Bunun isə Ermənistan üçün çox ağrılı-acılı və sarsıntılı nəticələr ola bilər.
Söhbətləşdi: Tahirə AĞAMİRZƏ