15.12.2025, 18:18
AZ EN
09.12.2025, 13:00 225

Paşinyan “Ağrı dağı” rəmzindən imtina edir — Ermənistan simvollarında yeni dönüş

YAZILAR
  • Son aylarda Ermənistan hökumətinin rəsmi identik simvollarında əsaslı dəyişikliklər edilir. 2025-ci ilin sentyabrında qəbul edilmiş qərara görə, 1 noyabrdan etibarən ölkənin sərhəd keçid möhürlərində “Ağrı dağı / Mount Ararat” təsvirindən imtina edilib.

Siyasi şərhçi Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov "Vetensesi.az" müsahibəsində məsələyə münasibət bildirib.

-İlyas müəllim, fikrinizcə, Paşinyanın  bu addımı atmaqda məqsədi nədir?

-Hökumətin izahatına görə, bu addım qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və “təhlükəli siqnallar”ın aradan qaldırılması məqsədi daşıyır. Rəsmi açıqlamada qeyd olunur ki, pasport möhürlərində yalnız dövlət keçid nöqtələrinin adları, tarix - informasiya göstəriciləri qalmalıdır, tarixi və coğrafi simvollar isə həmin siyahıdan çıxarılmalıdır.

-Siz bu addımı necə qiymətləndirirsiniz?

-Bunu Ermənistanın yeni “Real Armeniya” — yəni mövcud sərhədlər daxilində identikaya fokuslanan strategiyasının bir hissəsi kimi qiymətləndirmək olar.

-Paşinyanın simvolik dəyişiklərə yanaşması hansı məqsəd daşıyır?

-Fikrimcə, Paşinyan hökumətinin simvolik dəyişikliklərə bu dərəcədə cəsarətlə yanaşması regionda diplomatik kontekstdə yeni reallıqlara adaptasiyanın bir göstəricisidir. Lakin bu addım sadəcə möhür və banknotlardan ibarət deyil — milli kimlik, kollektiv yaddaş və mədəni dəyərlərin yenidən qurulmasına aid simvolik dönüşdür.

Çoxları üçün bu, zamanın reallıqlarına uyğunlaşmaqdır. Lakin bir qism üçün -  keçmişə, tarixə, identikaya sadiqliyin azalması kimi də qiymətləndirilə bilər.

Onu da vurğulayım ki, Azərbaycanla Ermənistan arasında  Vətəndaş cəmiyyətinin üzvləri və sülh istiqamətində müxtəlif pozitiv məqamlar, Qazaxıstan taxılının Azərbaycan və Gürcüstan vasitəsi ilə Ermənistana çatdırılması, hətta enerji daşıyıcılarının Azərbaycan və Gürcüstan vasitəsi ilə Ermənistana nəqli revanşistləri narahat edir və bu qüvvələr sülhə qarşı çıxmaqda davam edirlər. Lakin hesab edirəm ki, Ermənistanın siyasi elitası hakim kamanda da sülhə dəstək verməklə məhz öz ardıcıl davamçıları ilə, müsbət təhlükəsizlik yönündə yanaşmaları ilə yalnız sülhü gücləndirməli və sabitlik yönündə qətiyyət nümayiş etdirməlidirlər.

Söhbətləşdi: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər