25.04.2025, 06:10
AZ EN
17.12.2024, 17:00 389

Diaspor fəalı: “Hara getdimsə, Ağdamı da özümlə apardım...”

YAZILAR
  • Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında fərqli  sahələrdə fəaliyyət göstərənlər və uğur qazananlar az deyil. Onların bir çoxunun Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında xidmətləri təqdirəlayiqdir. Olardan biri də geniş ictimai fəaliyyəti ilə tanınan Mayisə Ağamirzəyeva-Gündoğdudur. O, 1976-cı il mayın 16-da Bakıda anadan olub. Əslən Ağdam rayonundandır. Bakıda 12 nömrəli məktəbdə orta təhsil alıb. 1992-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul edilib və ibtidai sinif müəlliməsi ixtisasına yiyələnib. 1997-ci ildə universiteti bitirdikdən sonra  məzunu olduğu 12 nömrəli məktəbə ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. İctimai işlərdə həmişə fəal olub. 1999-2000-ci illərdə Gənclər Forumunun və sonralar Dünya Azərbaycanlıları Qurultayının iştirakçısı olub. Nizami rayonunda Dairə Seçki Komissiyasında və Yeni Azərbaycan Partiyasında çalışıb. Ailə qurduqdan sonra Hollandiyaya köçüb, hazırda Haaqa şəhərində yaşayır. Bu günlərdə Mayisə Ağamirzəyeva-Gündoğdu ilə söhbətləşdik. O, həm ictimai fəaliyyəti, həm də Ağdamla bağlı xatirələrini Vetensesi.az-la bölüşdü.

- Mayisə xanım, səhv etmirəmsə, Ağdam işğal olunanda siz 16 yaşında olmusunuz. Necə xatırlayırsınız Ağdamı ?

- Bakıda anadan olub böyüsəm də, hər tətilimizdə uzun müddət qalmaq üçün getdiyimiz Ağdamda hər iki babamın və digər qohumlarımın evlərini yaxşı xatırlayıram. İstəyirəm ki, ailəmiz haqqında ətraflı danışım. Çünki həm ata tərəfdən, həm də ana tərəfdən  tanınmış bir ailənin üzvüyəm. Yəni bu mənim üçün məsuliyyətdir. Həmişə çalışmışam ki, onların etimadını doğruldum, onların adına layiq bir övlad olum. Ailədə bir bacı, bir qardaş olmuşuq. Düzünü deyim ki, elə uşaqlıqdan məndə vətənpərvərlik hissi çox güclü olub. Vətənimə olan sevgim sonsuzdur. Təkcə Ağdamı deyil, bütün Azərbaycanımı sevmişəm həmişə. Onu da deyim ki, əslində, anam Şuşanın Malıbəyli kəndindədir. Amma nənəmgil Ağdamda yaşayıblar. Atam da, anam da Ağdamda doğulub böyüyüblər. Yaxşı yadımdadır ki, o vaxt bir çox şuşalılar da Ağdamda yaşayırdı. Bilirsiniz, Ağdamla-Şuşa bir-birinə çox yaxındır.

Sonra atamla anam Bakıya gəlib ali təhsil alıblar və ailə qurduqdan sonra Bakıda yaşayıblar. Nənəm isə Ağdamda yaşayıb və Ağdamda 8 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. Anam da Azərbaycan Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsini bitirdikdən sonra Ağdamda həmin məktəbdə işləyib.

Atamın babası İdris Ağamirzəyev ali təhsil alan ilk azərbaycanlılardan biri olub və eyni zamanda tanınmış şəxsiyyət olub. Anamın atası isə Ağdam internat məktəbinin direktoru olub. Anamgil 7 bacı, 1 qardaş olublar.  Hamısı ali təhsil alıb. Dayım Bəhruz Axundov Azərbaycanda tanınmış naşir idi. Təəssüf ki, indi o həyatda yoxdu, rəhmətə gedib. Yəni həm ata tərəfdən, həm ana tərəfdən tanınmış bir ailədə böyüdüyümə görə həmişə çalışmışam ki, onların adına layiq övlad olum.

Uşaqlıq və gəncliyimin ilk  illəri daha çox Ağdamla bağlı olub. Hər tətilimiz Ağdamda  ata nənəmin yanında keçib.  Ağdamda nənmgilin gözəl evi vardı. Heç bir zaman unutmayacağam o evi... Əzizbəyov küçəsi, 31. “Lahışlar məhləsi” deyirdilər o məhəlləyə. Sarıtəpəyə yaxın idi. 

Biz işğala  qədər  Ağdama gedib gəlmişik, 3 ay tətilimizi orada keçirdirdik. Ağdamda ilk dəfə televizor bizim evimizdə olub. Atamgil danşırdı ki,  böyük bir pianinomuz var idi. Çingiz əmim (rəhmətə gedib) çox gözəl pianino çalardı,  bir də görərdin ki, Ağdamda o böyük evdən pianinonun səsi ətrafa yayılır. Bu, mənim, uşaqlığımın ən gözəl xatirələridir. Ağdamın küçələri və açıq yaşıl rəngdə olan darvazamız, nənəmin  qonşuları, həyətimizdəki  ərik ağacı, fındıq ağacı, qızılgüllərimiz bugünkü kimi yadımdadır, onları dərib  stolun üstündəki içi su ilə dolu vaza qoyanda ətiri otağımızı bürüyərdi. Ağdam mənim üçün heç bir  şeylə əvəz olunmayacaq qədər əzizdir, doğmadır. Dünyanın o başında yaşasam belə Ağdama getdiyimiz günləri, Ağdamın küçələrini heç bir zaman unutmadım və unutmayacağam da. Babamın  tikdirdiyi ikimərtəbəli ev də yadımdadır, birinci mərtəbə  zirzəmi idi, ikinci mərtəbədə isə otaqlar vardı. O ev 1956-cı ildə tikilmişdi. Evin kərpic rəngində pilləkəni vardı. Nənəm o qədər təmizkar idi ki, tər-təmiz saxlayırdı, pilləkənin üstündə toz görə bilməzdik. İkinci mərtəbədə böyük aynabənd vardı, mətbəxi vardı, hər şey yadımdadır, qazın yeri, soyuducunun yeri, sobanın yeri... Nənəmin  qəşəng bir yataq otağı vardı, gözəl mebeli vardı, gecə lampaları vardı, divardan asılmışdı. Babam rəhmətlik  hələ heç kimin getmədiyi vaxtlarda  xaricə, Avropaya səfər edən  ilk azərbaycanlılardan biri olub. Polşaya, Çexiyaya gedib gəlirdi. Hər dəfə gələndə maraqlı əşyalar alıb gətirirdi, hamısı yadımdadır. O vaxt gətirdiyi fincan dəsti indi Hollandiyadakı evimdədir. O əşya həm Ağdamdan, həm də ailəmizdən qalan ən qiymətli hədiyyədir, nənəm  Ağdamdan çıxanda  mənə vermişdi, məndə böyük xatirəsi var. Yəni Ağdamla bağlı hər şey mənim yaddaşımdadır.

Ağdam işğal olunmamışdan öncə Xocalı hadisəsi baş vermişdi. Çox ağır günlər idi. Yadımdadır ki, biz zəng edirdik, Ağdama düşmək çox çətin olurdu. Çünki orda vəziyyət yaxşı deyildi. Həmin vaxt zəng elədik, nənəmlə danışdıq, ona narahat olduğumuzu bildirdik və Bakıda televiziyadan eşitdiklərimizi danışdıq. Nənəm isə ağlaya-ağlaya dedi ki, ay bala, 3-5 nəfər ölməyib, səhərdən meyandayıq, meyitləri gətirirlər Ağdam məscidinə. O dəhşət saçan həyacanlı günləri də unutmadım.  Hara getdimsə, sanki Ağdamı, o əvəzsiz xatirələrimi də özümlə apardım.

-Mayisə xanım, Bakıda məktəbdə müəllimə işləyirdiniz, ictimai fəaliyyətiniz də vardı,  niyə Hollandiyaya köçdünüz?

-2002-ci ildə həyat yoldaşımla tanış olduq və 2003-cü ildə ailə qurduq və Hollandiyaya gəldik. Çünki həyat yoldaşım və  ailəsi burda yaşayırlar. Onu da deyim ki, həyat yoldaşım ana tərəfdən Qərbi Azərbaycandan, ata tərəfdən isə Cənubi Azərbaycandandır. Amma Iğdırda  yaşayıblar. Onun babaları da o vaxtlar erməni zülmündən əziyyət çəkdiklərinə görə Iğdıra köçüblər. Həyat yoldaşım orada doğulub, böyüyüb. Bir müddətdən sonra Hollandiyaya köçüblər.

Mən bilməzdim ki, burada bu qədər azərbayanlı yaşayır. İlk illərdə onlarla əlaqə qurmadım, tanımırdım, həm də yoldaşımın ailəsinə isinişməli idim, o zamanlar hər şey mənə yad idi. Demək olar ki, beş il azərbaycanlılarla əlaqə yaratmadım, sonra övladlarım dünyaya gəldi. Yavaş-yavaş azərbaycanlıları tanımağa başladım. Gülşən Lətifxan-Kazımova ilə də burada tanış oldum. Əslində, mənim yoldaşım onları tanıyırdı əvvəldən, onun da yoldaşı Iğdırlı idi. Biz ailəvi dost idik.

-Hollandiyada diaspor fəaliyyətiniz necə başladı?

-Bir gün Gülşən xanım dedi ki, mənim burda diaspor fəaliyyətim var. Amma mən istəyirəm ki, indi təşkilatımızın adını dəyişib sırf qadınlarla əlaqələndirim və sənə də təklif edirəm ki, gəl, bir yerdə işləyək. Həyat yoldaşım da buna etiraz etmədi, mən də razılaşdım. Biz birgə çalışmağa başladıq. Təşkilatımızın adını dəyişib “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi qoyduq. Birliyin sədri Gülşən Kazımova oldu, mən isə müavin idim. Birlikdə bir neçə tədbirlər həyata keçirdik. O, həm hüquqşünas, həm də yazıçı idi. Bir neçə kitabları çap olunmuşdu. Amma o, amansız xəstəliyə yaxalandığına görə bu işi mənə həvalə etdi. 2013-cü ildən bu günə kimi  “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri oldum. Haaqa şəhərində Nizami Gəncəvi adına Haaqa həftəsonu Azərbaycan dili məktəbinin təsisçisi oldum və Azərbaycan dili məktəbinin açılışını elədik. Rəhmətlik Gülşən xanım da gəldi, iştirak elədi. Təəssüf ki, sonra aramızdan ayrıldı əbədiyyən. Bu məktəbə biz könüllü müəllimləri dəvət etmişdik. Bu müəllimlərimizin sayəsində uşaqlarımız bir çox biliklərə yiyələnirdilər. Kimliyimizi, əlifbamızı, Himnimizi, Qarabağımızı öyrənirdilər. Məktəb bir neçə il fəaliyyətini davam etdirdi. Bizim məktəblə birlikdə gözəl tədbirlərimiz oldu. Bu günə qədər “Ana Vətən” Avropa  Azərbaycanlı Qadınlar Birliyi olaraq Hollandiyada keçirilən bir çox beynəlxalq fistivallarda iştirak etmişik. Belçikada da tədbirlərdə iştirak etmişik. 44 günlük Vətən müharibəsi vaxtı da biz xeyli sayda layihələr həyata keçirdik. Təbii ki, Disporla İş üzrə Dövlət Komitəsinin əvəzsiz rolu və dəstəyi ilə...

Haaqa şəhəri Hollandiyanın inzibati mərkəzidir. Nazirliklər, səfirliklər bu şəhərdə yerləşir. Ona görə bizim burdakı fəaliyyətimiz çox əhəmiyyətlidir. Mən özüm də bu şəhərdə yaşayıram. Burada  böyük bir xəttə sahib olan  tramvay üzərində Azərbaycanın reklamı oldu, 3 ay yay aylarında... 3 ay boyunca tramvayın üzərində Azərbaycan bayrağı dalğalandı. Bundan əlavə, yenicə azad olunmuş Şuşanın, Şuşa qalasının şəkli vardı, Şuşa  yazısı vardı. Ağdamın, Laçının şəkilləri, Azərbaycanın füsunkar təbiətini əks etdirən şəkillərdən ibarət tramvayın üzərində belə bir reklam aksiyamız oldu və çox səs-səda gətirdi. Bu, həmçinin ermənilərin də qəzəbinə səbəb olmuşdu.

Bu gün orda yaşayan azərbaycanlılarla daha sıx əlaqələrim var. Daha sonra bizim Zəfər bayramı ilə əlaqədar izdihamlı tədbirlərimiz olub. Bakıya gəldiyim də isə şəhid ailələrini, qaziləri ziyarət etmişəm. Onu vurğulamaq istəyirəm bilsinlər ki, Hollandiyada yaşayan azərbaycanlılar çox aktivdilər.

2022-ci ildə Dünya Azərbaycanlılarının 5-ci Zəfər Qurultayı Şuşada keçirildi. Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə bu qurultayda iştirak etdim. Buna görə özümü çox xoşbəxt sanıram. Şuşaya yola düşdüyümüz zaman həyəcan qarışıq sevinc hissi qəlbimi çuğlamışdı və uşaqlıq xatirələrim yenidən canlandı. Bu sözlə ifadə ediləcək bir hiss deyil. İllərlə hərsətini çəkdiyim doğma Vətənə, Şuşaya gedirdim.

- Hollandiyada müəllimlik fəaliyyətinizi davam etdirmirdiniz?

- Şərtlər elə gətirdi ki, Hollandiyaya köçəndən sonra ixtisasımı dəyişməli oldum. Yəni artıq burda müəllim işləyə bilməzdim, çünki burda hər şey tam fərqli idi. Artıq mən həyatımın ikinci dövrünə qədəm qoyurdum. Əvvəlcə dil öyrəndim, sonra kurslara getdim. İxtisasımı dəyişdim. 2008-ci ildən isə Haaqa Şəhər xəstəxanasında işləyirəm. Hal-hazırda göz cərrahiyyəsi şöbəsində əməliyyat asistentiyəm.

Söhbətləşdi: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər