Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri Anar Xəlilov "Moderator.az"a müsahibəsində bu məsələlərdən danışıb.
"Vətən səsi" mövzunun aktuallığını nəzərə alaraq həmin müsahibəni oxuculara təqdim edir:
– Anar müəllim, işğaldan azad olunmuş ərazilərə qayıdış prosesi artıq geniş vüsət alıb. “Böyük Qayıdış” proqramı çərçivəsində köçürülmə hansı prinsiplər və prioritetlər əsasında həyata keçirilir?
–Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də mühüm infrastruktur layihələri həyata keçirilir. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq, keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin edilir. Bu proses Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə yanında fəaliyyət göstərən İctimai Şura olaraq biz də prosesi yaxından izləyirik. Eyni zamanda Dövlət Komitəsi ilə vətəndaşlar arasında maarifləndirmə istiqaməti üzrə əlaqələndirici rol oynamağa çalışırıq. Hazırda köçürülmə prosesi ilkin dövr üçün əsasən ağır şəraitdə yaşayan məcburi köçkünləri əhatə edir. Məsələn yataqxana, uşaq baxçaları, inzibati binalar, başqa vətəndaşların mənzillərində məskunlaşanlar və təbii ki, şəhid ailələri də ilkin köçürülənlər sırasındadır. Artıq ilkin olaraq Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Şuşa, Ağdərə və Xankəndi şəhərləri də daxil olmaqla bir sıra ərazilərə qayıdış təmin olunub. Yaxın vaxtlarda Qubadlı rayonu üzrə də növbəti mərhələnin həyata keçirilməsi nəzərdə tutulur.
- Sosial şəbəkələrdə köçürülmə prosesi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bu iddiaların araşdırılması mexanizmi necə qurulub və vətəndaşlar qarşılaşdıqları problemləri hansı qaydada rəsmi şəkildə çatdıra bilərlər?
– Komitənin bunla bağlı aidiyatı üzrə şöbəsi var, daxil olan bütün şikayətlər araşdırılır və müvafiq qaydada aidiyatı üzrə şöbələrə yönləndirilir. Aparılan araşdırmaların nəticələri isə rəhbərliyə təqdim olunur. Səsləndirilən iddialarla bağlı bir daha bildiririk ki, hər hansı konkret fakt mövcuddursa, onların rəsmi qaydada təqdim olunması vacibdir. Biz də İctimai Şura olaraq bu məsələdə həssas mövqe tuturuq və rəsmi olaraq fakta söykənən müraciət olarsa aidiyyatı üzrə təqdim etməyə hazırıq. Komitə rəhbərliyinin də mövqeyi bundan ibarətdir. Həmin məlumatlar Komitəyə, onun "Qaynar xətt" xidmətinə və ya birbaşa hüquq-mühafizə orqanlarına da çatdırıla bilər. Təəssüf ki, bir çox hallarda bu iddiaları irəli sürən şəxslər konkret faktlar təqdim edə bilmirlər. Aparılan araşdırmalar da göstərir ki, səsləndirilən bu fikirlər həqiqəti əks etdirmir. Bu isə real problemlərin düzgün qiymətləndirilməsinə mane olur. Bununla yanaşı, obyektiv şəkildə qaldırılan problemlər hər zaman diqqətlə araşdırılır və operativ şəkildə həllini tapır. Lakin əsassız ittihamlar prosesi ləngidir və əlavə vaxt itkisinə səbəb olur.
- Köçürülmə prosesinin şəffaflığı və ədalətliliyi cəmiyyət üçün ən həssas məsələlərdəndir. Bu istiqamətdə İctimai Şuranın rolu nədən ibarətdir və vətəndaşların prosesə inamının artırılması üçün hansı addımlar atılır?
– Püşkatma prosesi tam şəffaf şəkildə həyata keçirilir. Bütün mərhələlər açıq və müşahidə altında aparılır. İctimai nəzarət təmin olunur və bu istiqamətdə ictimaiyyət nümayəndələrinin iştirakı vacib hesab edilir. Ümumilikdə, “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlər dövlətin əsas prioritetlərindən biridir və uğurla icra olunur. Bu prosesdə obyektivlik, şəffaflıq və ictimai dəstək xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, aparılan işlərə kölgə salınmaması, dezinformasiya və əsassız iddialardan uzaq durulması vacibdir. Bu, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.