- Emin müəllim, Yaponiyaya xoş gəlmisiniz. Artıq neçə gündür ki, Hiroşima şəhərində keçirilən “Merlər sülh naminə” beynəlxalq konfransında iştirak edərək, bu çərçivədə bir sıra mühüm görüşlər keçirib, müzakirələr aparmısınız. Səfərin məqsədi və nəticələri barədə nə deyə bilərsiniz?
- Çox sağ olun. Əvvəlcədən qeyd edim ki, Qarabağ iqtisadi rayonundan Yaponiyaya gəlmiş Azərbaycan nümayəndə heyəti kimi səfərimiz çox uğurlu oldu. Ümumiyyətlə, səfərin məqsədlərini bir neçə qrupa bölmək olar. Birinci məqsəd Prezident İlham Əliyevin bu yaxınlarda Ağdam şəhərində keçirilmiş Milli Şəhərsalma Forumundakı çıxışında iştirakçılara ünvanlandığı bu şəhərin yaxın zamanlarda dünyanın bir çox şəhərləri ilə qardaşlaşacağı barədə verdiyi anonsa uyğun olaraq atılan addımlarla əlaqədardır. Dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifənin həyata keçirilməsi üçün biz təbii olaraq, ilk növbədə, Yaponiyanın Hiroşima şəhəri ilə əməkdaşlığın qurulması, qarşılıqlı əlaqələrin inkişafı məqsədilə buraya səfər barədə qərar qəbul etdik. Bununla yanaşı, səfərin digər məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində xarici ölkələri təmsil edən şirkətlərin də iştirakını təmin etmək idi. Bildiyiniz kimi, bu işdə, ilk növbədə, 44 günlük Vətən müharibəsi vaxtı Azərbaycanın haqq işini dəstəkləyən şirkətlərə üstünlük verilir. Sevindirici haldır ki, bu gün həmin şirkətlər arasında Yaponiya şirkətləri də var. Məlumdur ki, Prezident İlham Əliyevin göstərişi ilə Qarabağın işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan edilib və burada ənənəvi enerji mənbələri ilə yanaşı, alternativ enerji resurslarından istifadəyə də üstünlük verilməsi nəzərdə tutulur. Bu vəzifənin həyata keçirilməsi üçün xüsusi konsepsiya hazırlanmalı idi və bu iş Energetika Nazirliyi ilə Yaponiyanın “TEPSKO” şirkəti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib. Qeyd edim ki, həmin konsepsiya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilib və onun icrası üçün müvafiq tədbirlər planı hazırlanıb. Həmin plana uyğun olaraq, bərpa və quruculuq işlərinin aparıldığı bir çox ərazilərdə “yaşıl enerji” konsepsiyası həyata keçiriləcək. Yaponiyaya səfər çərçivəsində biz həm məlum “TEPSKO” şirkəti ilə, həm də Yaponiyanın bu işdə maraqlı digər şirkətləri ilə müzakirələr apardıq. Səfərin ikinci məqsədi də məhz bu istiqamətdə yeni əlaqələrin qurulmasından ibarət idi.
Digər məqsəd isə başqa səfərlərdə olduğu kimi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan nəhəng bərpa və quruculuq işləri, 10 min kvadratkilometrdən çox bir ərazidə ən müasir infrastrukturun yaradılması məqsədilə həyata keçirilən görünməmiş meqa fəaliyyət, həmçinin Azərbaycanın dünyaya vermək istədiyi mesajlar barədə yerli ictimaiyyəti məlumatlandırmaq idi.
Bildiyiniz kimi, bu gün həyata keçirilən layihələr çərçivəsində Azərbaycan tamamilə dağıdılmış yaşayış məskənlərini yenidən qurur. Ermənilər 30 ilə yaxın bir müddətdə işğal altında saxladıqları ərazilərdə görünməmiş vandalizm aktları həyata keçirərək daşı daş üstə qoymayıblar. Bizim 8 şəhərimiz yerlə-yeksan edilib, 54 min hektar meşə sahəsi, fauna və floramız məhv olunub, tam ekosid törədilib. Bununla yanaşı, Azərbaycanın tarixi və mədəni abidələrinə böyük zərbə vurulub. İşğaldan azad edilmiş ərazilərdə yerləşən 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalanları isə təhqir olunub. Bu zaman söhbət yalnız məscidlərdən deyil, həm də digər dinlərə aid olan abidələrdən, kilsələrdən, alban məbədlərindən və digər mədəni abidələrimizdən gedir. Bütün bunların hamısının bərpası, yenidən qurulması prosesi təsdiq edir ki, Azərbaycan xalqı həqiqətən yaradıcı, qurucu xalqdır. Bu, bir faktdır ki, həmin əraziləri 30 ilə yaxın bir dövrdə işğal altında saxlayan düşmən bu ərazilərdə bir ədəd ağac belə əkməyib. Bütün bu vandalizm aktlarına baxmayaraq, Azərbaycan həmin səhifəni birdəfəlik örtərək, gələcəyə baxmaq istəyir. Bununla biz bütün dünyaya bir sülh mesajı vermək istəyirik. Həmin sülh mesajının da ən vacib elementi bizim bundan sonra gördüyümüz işlərdir. Həmin işləri isə əlbəttə, bütün dünya görür, lakin biz bunu dünyaya daha yaxşı təqdim etmək niyyətindəyik.
Bildiyiniz kimi, 1982-ci ildə Hiroşima şəhərinin həmin vaxt meri olan Takeşi Arakinin təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının iclasında “Merlər sülh naminə” hərəkatının əsası qoyulub. Bu önəmli təşəbbüsün 40 ili tamam olur və ona dünyanın 166 ölkəsindən 8100-dən artıq şəhər qatılıb. Oktyabrın 19-20-də Hiroşima şəhərində həmin təşəbbüsün 10-cu konfransı keçirildi. Azərbaycanın Ağdam şəhərini təmsil edən nümayəndə heyəti də həmin konfransa qatıldı. Azərbaycan nümayəndə heyətinin böyük bir heyətlə bu konfransa qatılması ölkəmizin həmin təşəbbüsü yüksək qiymətləndirdiyini birbaşa təsdiq etdi. Həmçinin fürsətdən yararlanaraq burada iştirak edən bir çox şəhərlərin merləri ilə, xüsusən təşəbbüsün aparıcısı olan böyük şəhərlərin merləri ilə ətraflı fikir mübadiləsi apardıq, onlarla ikitərəfli əlaqələrin qurulmasına çalışdıq. Xüsusən Qafqazın Hiroşiması adlandırılan Ağdam şəhəri ilə Yaponiyanın Hiroşima şəhəri arasında əməkdaşlıq əlaqələrinin başlanmasını qeyd etmək istərdim. Hiroşima şəhərinin meri Kazumi Matsui ilə təkbətək görüşümüzdə iki şəhər arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, bu əməkdaşlığın daha da mökəmləndirilməsi, daha sıx təmasların qurulması barədə razılıq əldə edildi. Ümid edirəm ki, bu səfərdən sonra iki şəhər arasında bu məsələlər daha dərindən, daha ətraflı təhlil ediləcək. Əməkdaşlığı daha da genişləndirmək üçün bir yol xəritəsi üzərindən çıxış edərək, biz bu əlaqələri qardaşlaşmış şəhərlər nöqtəsinə gətirib çıxaracağıq.
Eyni zamanda, qeyd edim ki, konfransın işinə müxtəlif qitələrdən olan şəhərlərin nümayəndələri də qatılıblar və onların bəziləri ilə biz ilkin fikir mübadiləsi apardıq. Ümid edirəm ki, bu görüşlərdən sonra biz yalnız Hiroşima ilə deyil, həmçinin digər şəhərlərlə də qardaşlaşma istiqamətində birgə fəaliyyət göstərəcəyik. Beləliklə Prezident İlham Əliyevin tapşırığına müvafiq olaraq, biz Ağdam şəhərinin dünyanın bir çox şəhərləri ilə əməkdaşlığını gücləndirməyə nail olacağıq.
- Səfər zamanı siz Hiroşimada yaradılmış Sülh xatirə kompleksini ziyarət edərək buradakı obyektlər – abidələr və muzeylə tanış oldunuz. Bu şəhərdə dağıdılmış yaşayış məskənlərinin hekayəsinin gələcək nəslə çatdırılması üçün səmərəli bir təcrübə yaradılıb. Erməni vandalizmi nəticəsində xarabalığa çevrilmiş Ağdamın faciəsinin gələcək nəsillərə ötürülməsi üçün bu təcrübədən bəhrələnməyi nəzərdə tutursunuzmu?
- Çox maraqlı məsələyə toxundunuz. Doğrusunu deyim ki, Yaponiyaya gəlməzdən əvvəl mən Hiroşima şəhərində yaradılmış xatirə kompleksini, buradakı abidələri və muzeyi, 1945-ci il avqustun 6-da bu şəhərə atom bombasının atılmasından sonra dağılmış tikililərin konservasiyası barədə çox az məlumata malik idim. Hiroşimaya səfər zamanı isə yaponların bu tarixi faciəni necə konservasiya edərək gələcək nəslə çatdırması barədə çox geniş və ətraflı məlumatlar əldə etdim. Bildiyiniz kimi, erməni işğalından azad edilmiş bir çox şəhərlərdə biz İşğal və Zəfər muzeylərinin yaradılması layihəsinin həyata keçirilməsinə başlamışıq. Həmin muzeylər hər bir ərazinin özünün ümumi konteksti, yerli xüsusiyyətləri nəzərə alınmaqla təşkil ediləcək. Ağdamda yaradılacaq İşğal və Zəfər muzeylərində biz tamamilə dağıdılmış 18 hektar ərazini konservasiya edərək açıq hava altında muzey kimi saxlamağı düşünürük. Yəni, bu layihənin əsas komponentlərindən biri budur. Hiroşimada da həmin konseptdən istifadə olunduğunu gördükdə, doğrusunu deyim ki, çox sevindim. Biz layihənin hazırlanması zamanı beynəlxalq təcrübəni də nəzərə almışıq. Burada gördüklərim məni nə qədər mütəəssir etsə də, bizim muzeylərin daha möhtəşəm olacağına inanıram.
Səfər çərçivəsində biz Sülh Xatirə Muzeyində də olduq. Həqiqətən bu muzey çox maraqlı hazırlanıb və insanda unudulmaz hisslər buraxır. Burada həm faciədən qalan dağıntıların qalıqları, paltarların və digər əşyaların nümunələri, insanların keçirdiyi hissləri əks etdirən fotolar və digər eksponatlar, həmçinin virtual reallıqdan istifadə olunaraq yaradılan xüsusi effektlər çox təsiredicidir. Görünən budur ki, yapon xalqı yaşadığı faciənin dəhşətini, atom bombasının insanlara verdiyi əzab-əziyyəti gələcək nəsillərə çatdırmaq üçün reallığa çox yaxın olan bir muzey yaratmağı bacarıb. Əminliklə deyə bilərəm ki, hazırda Azərbaycanda həyata keçirilən həmin muzey layihələrində də xalqımızın işğal dövründə çəkdiyi məşəqqət, faciənin yaratdığı ağrı və acılar tam mənada öz əksini tapacaq. Burada məqsəd həmin ağrı və acıları daim insanların diqqətində saxlamaq yox, Azərbaycanın sülh mesajını bütün dünyaya çatdırmaqdır. Biz həm Azərbaycan xalqına, həm dostlarımıza və həm də düşmənlərimizə müharibənin dəhşətlərini çatdırmaq istəyirik. Demək istəyirik ki, biz müharibə istəmirik, əksinə sülhün daim mövcud olmasına, insanların firavan yaşamasına can atırıq. Məhz sülh yolu ilə həyatımızı davam etdirmək, bütün ağrı və acıları unudub gələcəyə böyük ümidlə baxmaq istəyirik.
Bu baxımdan Hiroşima konfransı zamanı çox maraqlı müzakirələrin aparıldığını qeyd etmək istərdim. Həmin müzakirələrdən birində sülh mövzusu xüsusi yer almışdı. İştirakçılar sülh nə deməkdir, sülh mədəniyyəti necə formalaşdırılmalıdır sualına cavab verməyə çalışırdılar. Bildirildi ki, münaqişənin tam başa çatması heç də sülhün bərqərar olması demək deyil. Bunun üçün keçmişlə əlaqədar acılı hisslər də aradan qalxmalıdır. Yəni, insanlar keçmişdə baş vermiş ağır hadisələri unutmağa çalışaraq, gələcəyə daha böyük ümidlərlə, qarşılıqlı əməkdaşlıqdan əldə edilə biləcək birgə faydalara baxmalıdırlar. Məhz bu məqam sülh konseptinin əsas elementlərindən biri hesab edilir. Düşünürəm ki, biz də regionda, öz bölgəmizdə məhz bu sülh mədəniyyətini formalaşdırmalıyıq.
Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu istiqamətdə çox fəal və məqsədyönlü fəaliyyət həyata keçirir. Dövlətimizin başçısı son görüşlərində, çıxışlarında daim Azərbaycanın bu mövqeyini çox aydın şəkildə ifadə edib. Ölkəmizin mövqeyi artıq hər kəsə aydındır. Həmin mövqeyə əsasən, münaqişə artıq başa çatıb. Ölkəmiz münaqişənin davam etməsini istəmir. Biz, sadəcə, əldə edilmiş üçtərəfli bəyanatlara və digər razılaşmalara uyğun olaraq, sülh müqaviləsinin tezliklə imzalanmasını və Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə tanınmasını, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasını, həmçinin razılaşmaya müvafiq olaraq, Azərbaycanla Naxçıvan arasında əlaqənin bərpası məqsədilə Zəngəzur dəhlizinin açılmasını istəyirik. Bununla yanaşı, ölkəmizlə bağlı istənilən digər məsələnin Azərbaycanın daxili işi olduğunu qeyd edirik. Azərbaycan çoxmillətli, multikultural dəyərlərə önəm verən bir dövlətdir və burada hazırda bir çox milli azlıqlar firavan şəraitdə yaşayır. Konstitusiyamız tərəfindən təmin edilmiş hüquqlarını yaxşı bilən bu azlıqlar özlərini ölkəmizdə Azərbaycanın tam hüquqlu vətəndaşı kimi çox rahat hiss edirlər. Bu milli azlıqlardan biri də erməni əsilli Azərbaycan vətəndaşlarıdır və onlar da Konstitusiyamızın verdiyi imkanlardan tam şəkildə bəhrələnə bilərlər. Fikrimcə, bu mesaj kifayət qədər aydındır. Amma bütün bunlarla yanaşı, Azərbaycan Prezidenti vurğulayır ki, bundan sonra heç kim heç bir vəchlə Azərbaycanın milli təhlükəsizliyinə hər hansı bir təhdid göstərə bilməz. Artıq Azərbaycan öz gücünü, “dəmir yumruğu”nu hamıya göstərib və milli təhlükəsizliyə qarşı gələcək hər hansı bir təhdidə layiqli cavab verməyə qadirdir və verəcəkdir də. Bizim mövqeyimiz bundan ibarətdir və bunu digər insanlara çatdırmağa çalışırıq. Hesab edirəm ki, hər hansı ölkə və ya hər hansı tərəf Azərbaycana qarşı məkrli siyasət yeritməyə cəhd edərsə, layiqli cavabını alacaq.
- Emin müəllim, “Merlər sülh naminə” təşəbbüsünün sülh mesajı Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür desək, yəqin ki, yanılmarıq. Belə bir konfransın Azərbaycanda təşkili barədə nə düşünürsünüz? Belə bir ideya meydana gəldimi?
-Bəli, çox düz buyurdunuz. Belə bir ideya meydana gəlib və biz artıq bu istiqamətdə fəaliyyətə başlamışıq. Hiroşima şəhərinin meri K.Matsui ilə görüşdə biz Azərbaycan tərəfinin belə bir konfransa böyük məmnuniyyətlə ev sahibliyi etməyə hazır olduğunu bildirdik. Qeyd edim ki, bu təşəbbüsün konfransları 3-4 ildən bir təşkil edilir. Növbəti konfransın 2025-ci ildə Naqasaki şəhərində təşkili nəzərdə tutulur. K.Matsui ilə görüşdə biz təşəbbüsün növbəti tədbirlərindən birinin Azərbaycanda, daha dəqiq desək Ağdamda təşkili təklifini səsləndirdik. Bu təklif mer tərəfindən çox müsbət qarşılandı. Amma bildirim ki, təşəbbüsün özünün daxili qaydaları, prosedurları var və biz bununla bağlı tələbləri yerinə yetirmək üçün fəaliyyətimizi davam etdirəcəyik.
- Maraqlı müsahibə üçün çox sağ olun.
Vüqar AĞAYEV
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio