22.07.2024, 02:00
AZ EN
13.04.2023, 10:20 319

Azərbaycan Ordusu hazırlıqlı, böyük potensiala malik bir Ordudur

YAZILAR
  • Azərbaycan-Ermənistan sərhədində Laçın istiqamətində hər iki tərəfin itki verdiyi son toqquşmalar regionda sülh prosesinin gedişinə mənfi təsir göstərməkdədir. Danışıqların Ermənistan tərəfindən dalana dirənməsində və təxribatların törədilməsində, təbii ki, bir çox kənar qüvvələrin təsiri var.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov bununla bağlı  “Vetensesi.az”ın suallarını cavablandırıb.

-Samir müəllim, Ermənistanın aprelin 11-də törətdiyi təxribatların arxasında hansı məqsədlər dayanır?

-Qeyd edim ki, Ermənistanın törətdiyi təxribatlarının arxasında duran əsas səbəblər və məkrlər sırasında, əlbəttə ki, Ermənistanın daxilindəki qeyri-stabil vəziyyət və kənar qüvvələrin Ermənistan hökumətinə, Paşinyan adminstrasiyasına etdiyi təsirlərdir və nəzərə almaq lazımdır ki, mövcud hökumətin həm ordu daxilində, həm də siyasi səhnədə imkanları o qədər geniş deyil. Yəni,  Ermənistan hökumətinin içərisində həm Qərb meyilli, həm rus meylli, həm də İran meylli qüvvələr fəaliyyət göstərir. Bunlar da, əlbəttə ki, mövcud hökumətin  monolit olmadığına bir işarədir. Ona görə də hesab edirəm ki, baş verən təxribatın arxasında duran əsas elementlər Ermənistan ordusu daxilindəki müxtəlif qüvvələrə xidmət edən qrupların həmin qüvvələrin  sifarişi əsasında həyata keçməsindən irəli gəlir.

-Sizin fikrinizcə, Paşinyan Qərbin, İranın, yoxsa, Rusiyanın sifarişi ilə növbəti təxribat törətdi?

-Paşinyanın və yaxud da ki, Ermənistan ordusunun İranın, Qərbin və ya Rusiyanın  sifarişləri ilə o cür təxribat törətməsi məsələsinə gəldikdə, əlbəttə ki, burda hər üç variant keçərlidir. Nəzərə almaq lazımdır ki,  bu təxribat baş verməmişdən biraz öncə  Ermənistan Təhlükəsizlik Şurasının  sədri Armen Qriqoryan İranın Ali Təhlükəsizlik Şurasının  sədri Əli Şamxani ilə görüşüb. Eyni zamanda Ermənistan müdafiə naziri Suren Papikyan Brüsseldə səfərdədir, NATO qərargahında.  Bununla paralel olaraq bir gün öncə Kotenti tərəfindən açıqlama gəldi ki, Ermənistan-Azərbaycan sərhədinə bizim qoşun yeridə bilmək imkanımız var. Bunlar onu göstərir ki, deməli, bu qüvvələrin üç də bu addımı ata bilər. Eyni zamanda Avropa İttifaqı Missiyasının Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşdirilməsi, əslində onu göstərir ki, bəzi qüvvələr var ki, onlar bu və ya digər formada Ermənistanı təxribatlara sürükləməklə, əslində, vəziyyəti gərginləşdirmək fonunda öz maraqlarını burda təmin etməyə çalışırlar. O baxımdan burda həm Rusiyanın, həm Qərbin, həm də İranın,  hər üçünün olma ehtimalını gözardı edə bilmərik.

-Görüntüdə  Rusiya bu təxribatla heç bir əlaqəsi yoxmuş kimi davranır. Amma əslində, sülh sazişinin imzalanmaması üçün Ermənistanı təsir altında saxlayan qüvvələrdən birincisi elə Rusiyadır, desək, yanılmarıq. Bununla bağlı nə deyə bilərsiniz?

-Əlbəttə, Rusiya çalışır ki, guya özünü kənarda tutsun. Yəni, guya ki, Rusiyanın bu işlərdən xəbəri yoxdur. Amma nəzərə almaq lazımdır ki,  həm Azərbaycanın Qarabağ bölgəsində, həm Ermənistan-Azərbaycan dövlət sərhədində bu və ya digər formada Rusiya istəyir ki, təxribatlar olsun və Rusiya “sülhməramlıları”nın fəaliyyəti burda bundan sonra da davam etdirilsin.  Mən düşünmürəm ki, bu təxribatlarda Rusiyanın  əli yoxdur. Ümumiyyətlə, burda Ermənistan elə bir vəziyyətə gəlib çıxıb ki, həm Rusiyanın, həm İranın, həm də Qərbin əli ilə istənilən hər hansı bir təxribata da gedə bilər. Amma Rusiya ehtimalı daha çoxdur. Çünki Ermənistan ordusu daxilində generalların əksəriyyəti Rusiyada təhsil almış generallardır ki,  bu da bir növ onu deməyə əsas verir ki,  deməli, Rusiyanın ordu daxilində təsir imkanları digər qüvvələrə, qruplara nisbətən daha çoxdur.  O baxımdan da  düşünürəm ki, baş verən belə toqquşmalarda Rusiya əlinin olması, Rusiya variantının olması, əlbəttə ki, istisna edilmir.

-Samir müəllim, bəs Ermənistanın sonuncu təxribatı zamanı İran PUA-larından istifadə etməsi barədə nə deyərdiniz?

-Əslində, bununla bağlı məlumat verilir, yəni belə bir hal var, Ermənistan İran PUA-larından istifadə edir. Hər vəziyyətdə İranın atdığı bu addım birbaşa Azərbaycanla münasibətdə düşmənçilik mövqeyidi, əgər İran öz PUA-larını Ermənistana verib  bizim üzərimizə göndərirsə, bu artıq düşmənçilik mövqeyidir. Mən buna şübhə ilə yanaşmıram. Çünki  3-4 ay bundan öncə Ermənistan hərbçilərinin İranda PUA-lar üzrə təlimlər alması barədə məlumatlar var idi. Bu da onu deməyə əsas verir ki, belə bir halın baş verməsi real görünür.

-Azərbaycanın Silahlı Qüvvələri separatçı Ermənistanın bu təxribatının qarşısını necə aldı?

-Azərbaycan Silahlü Qüvvələri bu təxribatın qarşısını anında aldı. Düzdür, təəssüflə demək lazımdır ki, 3 şəhidimiz oldu. Amma hər halda  Azərbaycan Silahlı Qüvvələri baş verən təxribatın qarşısını alıb və  hətta deyərdim ki, onlar ciddi itki verib. Bu isə o deməkdir ki, artıq Azərbaycan Silahlı Qüvvələri ermənilərin və yaxud da  Ermənistanın və digər qüvvələrin düşündüyü kimi aciz deyil. Hazırlıqlı, böyük potensiala malik bir ordudur və istənilən təxribatın qarşısını almaq iqtidarındadır. Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin  yüksək peşəkarlığı bu gün Azərbaycanın,  təkcə Ermənistanın deyil, eyni zamanda ona havadarlıq edən qüvvələrin qarşısında sipər olması deməkdir. Bu baxımdan düşünürəm ki, Azərbaycan Silahlı Qüvvələri bu tip təxribatların qarşısını istənilən anda, istənlən şəraitdə almaq iqtidarındadır və alır.

Söhbətləşdi: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR