Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, qanunverici orqanda Laçını təmsil edən deputat Mahir Abbaszadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın inşa etdiyi yeni yol dünya standartlarına tam uyğundur: "Ölkəmizin müvafiq qurumları bir ildən çox müddət idi ki, bu yolun çəkilişi ilə məşğul olurdu. Ermənilər özləri də etiraf edirlər ki, yeni yol yüksək səviyyədə çəkilib. Prezident İlham Əliyev ötən gün AzTV-yə verdiyi müsahibədə qeyd etdi ki, nəinki Qarabağın, Ermənistanın tarixində belə keyfiyyətli yol olmayıb. Həqiqətən də elədir. Ermənistan tərəfi bu yolun çəkilişi zamanı müxtəlif təxribatlara əl atırdı. Onlar yeni yolun təhlükəli olduğuna dair təbliğat işləri aparırdlar. Ancaq onların nə danışmağından asılı olmayaraq sonda Azərbaycanın dediyi oldu. Biz artıq yeni yolun çəkilişini yekunlaşdırmışıq. Dövlət başçısının mətbuata verdiyi məlumatdan da görünür ki, yaxın zamanlarda Laçın şəhəri, Sus, Zabux kəndlərində fəaliyyət göstərən Rusiya sülhməramlı kontingentinin postları köhnə yoldan yeni yola keçiriləcək. Belə olduğu təqdirdə isə Laçın şəhəri, Sus, Zabux kəndləri yenidən Azərbaycanın nəzarətinə keçəcək".
Deputat xatırladıb ki, işğal dövründə həmin ərazilərdə Ermənistan tərəfindən qanunsuz məskunlaşma həyata keçirilmişdi: "Laçın şəhəri, Zabux və Sus kəndlərinə Suriyadan, Livandan gətirilmiş ermənilər qanunsuz olaraq yerləşdirilmişdi. Ermənistan tərəfinin bu addımı beynəlxalq hüquq normalarına və müvafiq konvensiyalara ziddir. İndi onlar Azərbaycanın həmin ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu da gecikdirməyə çalışırdı. Lakin Azərbaycanın qəti mövqeyi bir daha göstərir ki, biz qarşımıza qoyduğumuz bütün məqsədlərə zaman-zaman nail oluruq".