«Hraparak» media qrupunun noyabrın 21-də günorta yaydığı xəbərə görə, Ermənistan polisi ermənilərin ultra millətçi ideoloqu Qaregin Njdenin və Aşıq Sayad Novanın barelyefləri üzərində noyabrın 15-də fars dilində yazılmış sözlərlə bağlı araşdırma aparıb və noyabrın 21-də müvafiq açıqlama verib. Bildirilir ki, müşahidə kameraları və digər müasir texniki vasitələrlə aşkar edilib ki, sözügedən barelyeflər üzərindəki sözlər İrəvanda müvəqqəti yaşayan iki iranlı tərəfindən yazılıb. İran vətəndaşları polisə izahat verərkən deyiblər ki, həmin sözlər İranın indiki hakimiyyətinin əleyhinə yazılıb və etiraz aksiyasını davam etdirən iranlı vətəndaşları dəstəkləyirlər. 39 və 49 yaşlı bu iki İran vətəndaşının polis şöbəsində hələ də saxlanıldığını bildirən media belə bir versiya irəli sürür ki, hər iki iranlı etnik mənsubiyyətinə görə azərbaycanlıdır.
Bu arada Ermənistan xarici işlər nazirinin müavini Mnasakan Səfəryan Tehranda İran xarici işlər naziri Hüseyn Əmr Abdullahianla görüşüb. «Hraparak» xəbər verir ki, görüş zamanı iki ölkə arasında olan dostluq və əməkdaşlığın daha da genişləndirilməsi və s. barədə müzakirələr aparılıb. Erməni məmuru İranın xarici işlər nazirinin Qafanda baş konsulluğun açılmasında iştirakına görə minnətdarlığını bildirib. İranın diplomatik korpusunun rəhbəri isə vurğulayıb ki, ölkəsi daim Ermənistanın maraqlarına dəstək verəcəkdir.
«Hraparak»ın müxbiri isə yuxarıda sözügedən hər iki olayla bağlı şərhində qeyd edib ki, tərəflərin münasibətləri yaxşılaşdıqca qonşular narahat olurlar. Görünür, bu cavan erməni müxbir də digər soydaşları kimi başqasına qarayaxmaqda peşəkarlaşıb.
Nəsib QARAMANLI