02.02.2026, 17:54
AZ EN
02.02.2026, 16:17 200

Azad edilmış ərazilərdə genişmiqyaslı yenidənqurma dayanıqlı inkişafın yeni mərhələsidir

YAZILAR
  • İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma və bərpa prosesi müasir dövlət quruculuğunun ən irimiqyaslı və strateji mərhələlərindən biri kimi xarakterizə olunur. Bu proses yalnız fiziki infrastrukturun bərpasını deyil, eyni zamanda, sosial-iqtisadi dirçəlişi, dayanıqlı məskunlaşmanı və regionların uzunmüddətli inkişafını hədəfləyir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan dövlət siyasətinin əsas prioritetlərindən biri azad edilmiş ərazilərin qısa müddətdə müasir yaşayış məkanlarına çevrilməsidir. Bu məqsədlə qəbul edilmiş dövlət proqramları və strateji yol xəritələri regionların bərpasına sistemli yanaşmanı təmin edir.

“Yenidənqurma işlərinin əsas istiqamətlərindən biri nəqliyyat-logistika infrastrukturunun yaradılmasıdır. Qarabağ və Şərqi Zəngəzurda beynəlxalq standartlara cavab verən avtomobil yolları, dəmir yolu xətləri və hava nəqliyyatı infrastrukturu inşa olunur. Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının istifadəyə verilməsi regionun ölkədaxili və beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verir. Eyni zamanda, Horadiz–Ağbənd dəmir yolu xətti və digər strateji nəqliyyat layihələri bölgənin tranzit potensialını artırmaqla yanaşı, Zəngəzur dəhlizi kontekstində regionun geoiqtisadi əhəmiyyətini daha da gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa prosesinin fərqləndirici cəhətlərindən biri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqidir. Zəngilanın Ağalı kəndi bu modelin ilk nümunəsi kimi artıq sakinlərin istifadəsinə verilib. Enerji səmərəliliyi, rəqəmsal idarəetmə, ekoloji tarazlıq və sosial xidmətlərin əlçatanlığı bu konsepsiyanın əsas komponentlərini təşkil edir. Bu yanaşma regionda yaşayış keyfiyyətinin yüksəldilməsinə, eləcə də şəhərsalma sahəsində innovativ təcrübələrin tətbiqinə imkan yaradır”, - deyə deputat əlavə edib.

Arzu Nağıyev vurğulayıb ki, azad edilmiş ərazilər yaşıl enerji zonası elan olunub və Qarabağ və Şərqi Zəngəzurda günəş, külək və hidroenerji potensialından səmərəli istifadə istiqamətində genişmiqyaslı layihələr icra edilir: “Bu strategiya ölkənin ümumi enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, ətraf mühitin qorunması və karbon emissiyalarının azaldılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Yenidənqurma prosesində sosial infrastrukturun – məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət ocaqlarının tikintisi əsas prioritetlərdəndir. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin olunur. Yeni salınan yaşayış massivləri müasir kommunal xidmətlərlə təchiz edilir və əhalinin məşğulluğu üçün iqtisadi imkanlar yaradılır”.

A.Nağıyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları kənd təsərrüfatı, sənaye, turizm və mədən ehtiyatları baxımından yüksək potensiala malikdir. Onun sözlərinə görə, dövlət tərəfindən yaradılan əlverişli investisiya mühiti bu regionlara yerli və xarici investorların marağını artırır. Aqroparkların yaradılması, sənaye zonalarının formalaşdırılması və turizm marşrutlarının bərpası regional iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir.

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işləri Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi güclü siyasi iradənin və strateji baxışın bariz nümunəsidir. Bu proses regionların yalnız bərpasını deyil, onların müasir, rəqabətqabiliyyətli və dayanıqlı inkişaf modelinə uyğun şəkildə yenidən qurulmasını təmin edir. Qarabağ və Şərqi Zəngəzur bu gün Azərbaycanın iqtisadi, sosial və geosiyasi gələcəyində mühüm rol oynayan inkişaf məkanlarına çevrilməkdədir”, - deyə deputat əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər