02.02.2026, 18:48
AZ EN
02.02.2026, 17:09 106

Əsgəran qalası: tikdim ki, izim qala...

QARABAĞ
  • Azərbaycanın işğaldan azad olunmuş əraziləri qədim tarixə malik müdafiə təyinatlı istehkam və qalalarla zəngindir. Mədəni-tarixi irsimizin belə nümunələrindən biri də Əsgəran qalasıdır. Dərbənd səddi Şirvanın şimal, Əsgəran qalası isə Qarabağ xanlığının şərq qapısı sayılırdı.

XVIII əsrdə Pənahəli xanın Qarabağ xanlığının şərq sərhəddində tikdirdiyi Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5, Ağdam şəhərinin 12 kilometrliyində - Qarqarçayın sahilində dağ döşündə yerləşir. "Azərbaycan toponimləri, ensiklopedik lüğət"də “Əsgəran” toponimi Pənahəli xanın (digər məlumata görə Mehrəli xanın) tikdirdiyi Əsgəran qalasının adı ilə əlaqələndirilir. Tarixi mənbələrdə qalanın adı Əsgəran adlı yerlə əlaqələndirilərək Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və Aran sözlərinin birləşməsindən ibarət olduğu göstərilir. Tarixçi-etnoqraf, professor Qiyasəddin Qeybullayev (1934-2002) yazırdı ki, "Əsgəran rayonu ərazisində Pənah xan tərəfindən tikilmiş "Əsgəran" qalasının xarabalıqları vardır. Qala yerin adı ilə Əsgəran adlanmışdır, başqa sözlə qala tikilməzdən əvvəl ərazi ətraf əhali içərisində Əsgəran, (yəni Əski Aran) adı ilə məlum idi".

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Qarabağdakı tarixi abidələrin bir çoxu, o cümlədən Əsgəran qalası da dağıdılaraq məhv edilib. Bu, azmış kimi, ermənilər Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı bu qədim mədəniyyət incisini işğal dövründə öz adlarına çıxmaqla onu erməniləşdirməyə cəhd göstərib. Şaqen Mkrtçyan adlı erməni professorun "Историко–архитектурные памятники Нагорного Карабаха" (Dağlıq Qarabağın tarixi – memarlıq nümunələri) adlı kitabında bölgədəki digər abidələrlə yanaşı Əsgəran qalasının da tarixi tamamilə təhrif olunaraq saxtalaşdırılıb. Erməniləşdirilmə, yəni qonşu xalqların abidələrini mənimsəyərək öz abidələri kimi təqdim etmək siyasəti yürüdən mənfur qonşumuz təkcə hərbi təcavüz yox, həm də heç bir elmi əsası olmayan çızma-qaraları ilə Azərbaycan xalqına məxsus abidələri özlərinin saxta tarixinin səhifələrinə çevirməyə cəhd göstərib. Bu mümkün olmadıqda isə abidələrin dağıdılması və məhv edilməsi yolu ilə  mədəni irsimizə qarşı terror törədiblər.

Vətən müharibəsindən sonra torpaqlarımızın işğaldan azad edilməsi ilə Qarabağdakı mədəni sərvətlərimiz, o cümlədən Əsgəran qalası da düşmən tapdağından xilas oldu. Hazırda 30 il ərzində erməni vandaliziminin qurbanı olan abidələrimiz yenidən bərpa edilərək tarixi-mədəni irsimizə qaytarılır. 

Röya SALMANQIZI

Oxşar xəbərlər