Bunu müsahibəsində dövlətimizin başçısının yanvarın 30-da imzaladığı “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamla Prezident mükafatına layiq görülmüş Sərxan Ağadadaşov deyib.
O qeyd edib ki, bu onun dövlətimizin başçısının layiq gördüyü növbəti mükafatıdır. “İlk mükafatımı 2022-ci ildə keçirilən “TEKNOFEST”də almışam. Həmin müsabiqədə iki nominasiya üzrə qalib olub. Nominasiyalardan birinin kuboku Prezident İlham Əliyev, digəri isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib”.
Sərxan Ağadadaşov bildirib ki, Prezident mükafatını aldığını öyrəndiyi an onun üçün bir qədər çətin olub. “Çünki həmin gün babam vəfat etmişdi. Onu dəfn etdikdən sonra bu xəbəri aldım. Çox istərdim ki, babam bu uğurumun sevincini yaşaya biləydi. Bir gənc olaraq, böyüklərimizi sevindirmək, ölkə rəhbərliyinin etimadını doğrultmaq bizim üçün həm şərəf, həm də borcdur”,- deyə Prezident mükafatçısı vurğulayıb.
O, gələcək hədəfləri ilə bağlı da məlumat verib: “Mən hazırda Milli Aviasiya Akademiyasında Pilotsuz uçuş aparatları qrupunun rəhbəriyəm və müdafiə sənayesində mühəndis olaraq bəzi layihələrdə iştirak edirəm. Orta təhsilimi Qusar şəhərində 1 saylı tam orta məktəbdə, ali təhsilimi isə Milli Aviasiya Akademiyasında almışam, hazırda orada doktorantura təhsilimi davam etdirirəm. Gələcəkdə pilotsuz uçuş aparatları və süni intellekt sahəsində Azərbaycanı dünyada tanıtmaq istəyirəm. Düşünürəm ki, bu sahədə əsas addımları biz ilkin olaraq kadrlar yetişdirməklə — yaşından, ixtisasından asılı olmayaraq marağı olan gəncləri ətrafımıza toplayaraq onların inkişafına çalışmaqla, yəni onlara dərs keçməklə, təlim keçməklə atmalıyıq”. (AZƏRTAC)