Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Məmmədov Zəbiyulla Şahin oğlunun anım günüdür. O, 2000-ci il aprel ayının 14-də Bakıda doğulub. 2006-2015-cı illərdə Nizami rayonu 229 saylı tam orta məktəbdə oxuyub. Həmçinin, 2010-2015-ci illərdə 33 saylı uşaq musiqi məktəbində tar ixtisası üzrə təhsil alıb. Zəbiyulla 12-13 yaşlarında T.İsmayılov adına mədəniyyət sarayında vokal dərsləri alıb, bir çox səhnə fəaliyyəti ilə çıxış edib. 2015-2019-cu illərdə Konservatoriya nəzdində A.Zeynallı adına musiqi kollecinin tar ixtisasında təhsil alıb. Bu illərdə bir çox tədbirlərdə iştirak edib, bir neçə əsər bəstələyib. O, musiqidən əlavə, şeirlər də yazırdı. Kolleci bitirəndən sonra 2019-cu il oktyabrın 2-də hərbi xidmətə gedib. O, öz istəyi ilə kəşfiyyatçı olub.
Vətən müharibəsi başlayandan Ağdərə, Talış kəndi, Suqovuşan uğrunda mərdliklə döyüşərək şücaətlər göstərib. Döyüşlər zamanı Zəbiyullanın boynundan ağrısı yenidən başlayıb. Komandiri onu tibb məntəqəsinə aparıb və üç gün orada müalicə olunacağını bildirib. Lakin səhəri gün onu əsgərlər üçün ayrılmış otaqda görüb və niyə burada olduğunu soruşub. Zəbiyulla da cavabında, "Sizi tək buraxmaram, mən də sizinlə gedirəm" – deyib və bu onun son gedişi olub...
Zəbiyulla komandirinin şəxsi rabitəçisi idi. Daim komandirinin yanında olub. Səhəri gün - noyabrın 4-də əsgərlərdən 90 nəfər dağa qalxırlar. Komandiri Zəbiyullaya "Mən əsgərləri mövqelərə yerləşdirim, gələcəm" - deyib. Komandirin yanında minamyot partlayır və onu bir neçə metr kənara atır. O, ayılandan sonra ürəkbulanma və burnundan qan gəldiyindən aşağıdakı çaya enir. Ora çatanda Zəbiyulla onu görür və köməyə gedir. Elə yoldaca yenidən minamyot atılır. Yaralanan komandir ayılandan sonra Zəbiyullanın şəhid olduğunu eşidir. Deyilənə görə, Zəbiyullanın əsgər yoldaşı onun şəhid olduğunu bilən kimi döyüş meydanından çıxarıb, əsgər yoldaşları onu 12 kilometr yolda çiyinlərində hərbi hissəyə qədər daşıyırlar.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Zəbiyulla Məmmədov ölümündən sonra "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhidimiz noyabrın 4-də Ağdərə istiqamətində şəhid olub və Maştağa qəsəbəsində böyük izdihamla torpağa tapşırılıb.
Məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Zəbiyulla balamız!
Mina RƏŞİD