Təxminən 100 min nəqliyyat işçisini təmsil edən “Verdi” həmkarlar ittifaqı ötən həftə bələdiyyə və dövlət işəgötürənləri ilə iş şəraitinin yaxşılaşdırılması üzrə danışıqların çıxılmaz vəziyyətə düşməsindən sonra tətil elan edib.
“Reuters” xəbər verir ki, həmkarlar ittifaqı şəhərlərin büdcə məhdudiyyətləri ilə üzləşməsinə baxmayaraq, daha qısa növbələr, daha uzun istirahət fasilələri, gecə və həftəsonu işlərinə görə daha yüksək əməkhaqqı tələb edir.
Almaniyanın böyük bir hissəsində temperatur sıfır dərəcədən də aşağı düşüb və bu, alternativ nəqliyyat növləri axtarmağa məcbur olanların vəziyyətini daha da ağırlaşdırıb.
Lakin cümə günü “Deutsche Bahn” şirkəti Berlin, Hamburq, Münxen və Ştutqart kimi şəhərlərdəki “S-Bahn” qatarlarının, eləcə də uzaq məsafələrə reyslərin “Verdi” tərəfindən təmsil olunmadığı üçün bazar ertəsi günü adi qaydada işləyəcəyini açıqlayıb.
“Verdi” ilə işəgötürən birlikləri arasında danışıqlar gərgindir və həmkarlar ittifaqının liderləri bələdiyyələri müavinətləri azaltmaq və növbə müddətlərini artırmaqda ittiham edirlər.
Danışıqların növbəti mərhələsinin fevralın 9-da keçirilməsi nəzərdə tutulur.
Həmkarlar ittifaqı liderləri xəbərdarlıq ediblər ki, işəgötürənlər əhəmiyyətli güzəştlərə getməsələr, daha çox tətil baş verə bilər. (AZƏRTAC)