22.11.2024, 08:39
AZ EN
14.05.2024, 09:04 473

Növbəti qələbəmiz – COP29

YAZILAR
  • Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" bu il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir.

Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir: COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən bir neçə gün ərzində qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, ölkənin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyir.

Tədbirə hazırlaşan Azərbaycan neft və qaz ixracatçısı kimi “nümunə göstərmək” üçün özünün 1.5C-yə (qlobal istiləşmə həddinin bu temperaturdan aşağı olması) uyğunlaşdırılmış milli planı üzərində işləyir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. “Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, - deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb. İqtisadiyyat Nazirliyi elan edib ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və Prezidentin bu sərəncamı bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.

Prezident İlham Əliyevin sərəncamı ilə beynəlxalq təcrübə nəzərə alınaraq ölkənin Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ölkədə keçiriləcək COP29 tədbirinin prezidenti təyin edilib. Artıq ikinci ildir ki, neft sənayesində böyük təcrübəsi olan nazir qlobal iqlim dəyişikliyi danışıqlarına rəhbərlik edəcək. Nazir qeyd edir ki, "1,5 dərəcə hədəfinə çatmamaq insanların geridə qalması deməkdir". “Bizim hamımızın mənəvi borcumuz var ki, bu nəticədən qaçaq. Hər kəs öz əməlinin dediyi sözə uyğun olmasını təmin etməyə borcludur”.

COP-29 iki əsas sütun üzərində dayanacaq: ambisiyaları gücləndirmək və fəaliyyətə imkan vermək. Birinci sütun bütün tərəflərin ambisiyalarının artırılması və iqtisadiyyat miqyasında emissiyaların azaldılması, növbəti nəsil milli planların həyata keçirilməsi öhdəliyinə dəstək olmaq üçün nəzərdə tutulmuşdur və üç əsas elementi əhatə edir:

1) Milli Müəyyən edilmiş Töhfələr (Nationally Determined Contributions) (NDCs) –Azərbaycan 1,5-ə uyğunlaşdırılmış NDCs-in təqdim edilməsi üzərində işləyir.

2)Milli Uyğunlaşma Planları-(National Adaptation Plans) (NAPs) ən son iqlim elmi tərəfindən məlumatlandırılacaq və 2025-ci ilə qədər müəyyən ediləcək

3)İkiillik Şəffaflıq Hesabatları-(Biennial Transparency Report) (BTRs) emissiyaların inventarını və iqlim tərəqqisini izləmək üçün vacib olan tərəqqi və investisiyaların icmalını təqdim edir

İkinci sütun maliyyənin necə sürətli və qarşılıqlı gücləndirici fəaliyyət yarada biləcəyi ətrafında cəmlənir. “İqlim maliyyəsi COP29-da danışıqların mühüm hissəsi olacaq”,-deyə Ekologiya Naziri qeyd edib.“Maliyyə ambisiyaları fəaliyyətə çevirmək üçün əsas vasitələrdən biridir.”.

Ölkəmiz regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır. COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir. COP29 ölkəmizin iqtisadi imkanlarını daha yaxından təqdim etməyə şərait yaradacaq. Ölkənin müxtəlif ərazilərində xüsusilə işğaldan azad edilmiş yerlərdə “Yaşıl artım” ölkəsinə çevrilmək dövlətin əsas milli hədəfinə çevrilib. 2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru, Naxçıvanı “yaşıl enerji bölgəsi” adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Azərbaycanın bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmizin ümumilikdə “Yaşıl enerji” istehsalçısına və istehlakçısına çevrilə bilər. Artıq Qarabağda və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Yaxın illərdə burada hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq ki, bu da yaşıl enerjiyə keçid prosesinə böyük töhfədir.

Ötən il işğaldan azad edilən ərazilərdə olan 12 bölgədə tikilən yarımstansiya və su elektrik stansiyalarının açılışı olub. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib. Həmçinin yaşıl enerji strategiyasına uyğun olaraq 2023-cü ildə Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Paralel olaraq “AzərEnerji” tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansiyasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının da ötən il açılışı həyata keçirilib. Bununla yanaşı, Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara buraxılıb. Prezident İlham Əliyev, həmçinin “AzərEnerji”nin yeni tikilən 10,5 meqavat gücündə “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında da iştirak edib. Həmçinin ötən ilin dekabr ayında isə 110 kilovoltluq “Ağdam” qovşaq yarımstansiyasının açılışı həyata keçirilib.

Habelə, ötən il işğaldan azad edilən ərazilərdə “AzərEnerji”nin 9 elektrik stansiyasının tikintisinə başlanılıb və hazırda həmin 9 stansiya da daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisi davam edir və onların bir neçəsində işlər tamamlanıb. Bu 12 stansiyanın isə cari il istismara verilməsi nəzərdə tutulub.

Bundan əlavə Azərbaycan Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya öz yaşıl enerjisini ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa İttifaqının yaşıl enerjiyə olan tələbinin ödənməsində xüsusi paya malik olacaq. Bu istiqamətdə də çox sürətli işlər həyata keçirilməkdədir. COP29 Azərbaycanın potensialının və iqtisadi imkanlarının daha yaxından təqdim edilməsinə şərait yaradacaq ki, bu da çox vacib amillərdəndir. Çünki belə tədbirlər bir tərəfdən turizm-xidmət sektorunun dəstləklənməsi və inkişafına xidmət edir, digər tərəfdən isə ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır”.

Beləliklə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməyə tam layiqdir.

    Vəfa ƏLƏKBƏROVA,

     Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)

     “Maliyyə və mühasibat” fakültəsinin       

       “Maliyyə” ixtisası üzrə təhsilin IV ili, 668 saylı qrup tələbəsi

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR