16.04.2025, 14:35
AZ EN
18.02.2025, 11:34 263

Ermənistana silah satan dövlətlərin əsas məqsədi bölgədə qalıcı münaqişəni təmin etməkdir

YAZILAR
  • “Nikol Paşinyanın Fransa və ABŞ-a səfərinin ardınca Ermənistanın müdafiə naziri Suren Papikyanın Hindistana səfəri baş tutdu. Bu səfərlərdən dərhal sonra həmin ölkələrin mətbuatında Ermənistana uzaqmənzilli raketlər, ağır texnika və ümumiyyətlə, silah-sursat satışına dair sənədlərin imzalanması ilə bağlı məlumatlar yayılmağa başladı. Yəni açıq şəkildə bu prosesə start verildi. Ötən ayın 14-də ABŞ və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair müqavilənin imzalanması da bunun bariz nümunəsidir”.

Bunu fikirləri politoloq Samir Hümbətov bildirib.

S.Hümbətov qeyd edib ki, bu cür müqavilələrin bağlanması, ard-arda baş tutan səfərlər və müdafiə naziri Suren Papikyanın təhlükəsizlik məsələləri ilə bağlı açıqlamaları çox ciddi və absurd bir yanaşmanı ortaya qoyur. O, bir tərəfdən sülhdən danışır, "sülh təşəbbüsləri" irəli sürür, Azərbaycan, Ermənistan, Türkiyə və digər ölkələrin iştirakı ilə yeni əməkdaşlıq formatlarından bəhs edir, digər tərəfdən isə sürətlə silahlanırlar.

Paşinyan bu prosesə bəraət qazandırmağa çalışaraq absurd bir açıqlama verdi ki, guya Ermənistanın silahlanması müdafiə qabiliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üçündür. Lakin açıq şəkildə görürük ki, 2020-ci ildən bu günə qədər Ermənistanın silahlanması o qədər sürətlə gedib ki, hətta bəzi beynəlxalq standartlardan da xeyli irəli çıxır. Üstəlik, nə Ermənistan bunu gizlədir, nə də ona silah verən dövlətlər. Burada əsas məqsəd yenidən eskalasiyanı artırmaq və beynəlxalq ictimaiyyəti manipulyasiya etməkdir. Xüsusən, erməni lobbisinin təsiri altında olan qlobal mediada ən çox tirajlanan iddialardan biri odur ki, guya Azərbaycan Ermənistanın ərazi bütövlüyünə ciddi təhdid yaradır.

“Reallıq isə tam fərqlidir. Azərbaycan sülh prosesində Ermənistana konkret şərtlər irəli sürüb və məhz bu şərtlər əsasında sülh müqaviləsinin imzalanmasını istəyir. Əsas məsələlərdən biri də Ermənistanın silahlandırılmasının dayandırılmasıdır. Lakin görünən odur ki, təkcə bu ölkənin deyil, eyni zamanda ona silah satan dövlətlərin də əsas məqsədi bölgədə qalıcı münaqişəni təmin etməkdir”, - deyə politoloq deyib.

Hazırladı: Günel Quliyeva

Oxşar xəbərlər