"Vətən səsi, xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib. O, bildirib ki, “Tramp yolu” adlandırılan Zəngəzur dəhlizi ilə bağlı məsələlərin detallı şəkildə müzakirə olunması üçün ABŞ və Türkiyə nümayəndə heyətlərinin yaxın günlərdə Ermənistana səfərləri nəzərdə tutulur. Onun sözlərinə görə, bu layihəyə xüsusi maraq göstərən hər iki ölkənin nümayəndə heyəti Ermənistana ayrı-ayrılıqda səfər edəcək: "Gələn həftə müxtəlif heyətlərinin səfəri gözlənilir. Söhbət ABŞ ilə yanaşı, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ankaranın xüsusi nümayəndəsi Sərdar Kılıçın Ermənistana səfərindən gedir.
Erməni nazir bildirib ki, əslində, Zəngəzur dəhlizi ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün praktiki mərhələ başlayıb. Onun sözlərinə görə, Ermənistan tərəfində, daha dəqiqi, Qərbi Zəngəzurda da yolun çəkilməsinə start verilib: "Mehri və Qafan (Qərbi Zəngəzur) sakinləri hər gün dağların dağıdıldığını, yeni şimal-cənub yolunun çəkildiyini görürlər”.
Gevorq Papoyan əlavə edib ki, Zəngəzur dəhlizinin işə düşməsi və Azərbaycanla kommunikasiyaların açılması Ermənistanın iqtisadi inkişafına təkan verəcək. Onun sözlərinə görə, Türkiyə və ABŞ rəsmilərinin İrəvana səfərləri çərçivəsində mütəxəssislərin iştirakı ilə tikinti zonasına baxış keçiriləcək, yerindəcə hesablamalar aparılacaq: “Bununla praktiki mərhələyə qədəm qoyacağıq, nəticədə Ermənistan qlobal nəqliyyat qovşağına çevriləcək. Türkiyə və Azərbaycanla kommunikasiyaların açılması Ermənistanın “iqtisadi ciyərlər”ini də açacaq. Çünki hazırda Ermənistan təkcə dənizə çıxışı olmayan ölkə deyil, həm də quru sərhədlərinin 75 faizi bağlıdır”.
Gevorq Papoyan deyib ki, Azərbaycan və Türkiyə ilə yolların açılacağı və əlaqələrin bərpa olunacağı təqdirdə Ermənistanın iqtisadi artımının nə qədər olacağı ilə bağlı müxtəlif hesablamalar var. Onun sözlərinə görə, hazırda araşdırmalara göstəriş verilib: “Araşdırmalarımıza görə, bu durumda Ermənistana idxal olunan bir çox malların qiymətləri xeyli aşağı düşəcək. Ermənistanın idxal etməli olduğu mallar var və onlar Ermənistanda kifayət qədər bahadır. Logistik problemimiz olduğu üçün bahadır”.
Elxan SALAHOV