Azərbaycan Memarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində bir sıra layihə və tədbirlər həyata keçirməyi planlaşdırır. Bu sıraya Azərbaycan Memarlıq və İnşaat Universiteti və Beynəlxalq Memarlıq Akademiyasının Bakı Akademik Mərkəzi ilə birgə “XX əsr Azərbaycan memarlıq sənətində Heydər Əliyev fenomeni” mövzusunda elmi-praktik konfrans, eləcə də Beynəlxalq Memarlar İttifaqının dəstəyi, Azərbaycan Memarlar İttifaqının və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin keçirilməsi də daxildir.
Bu barədə Azərbaycan Memarlar İttifaqının yeni seçilmiş İdarə Heyətinin birinci təşkilati plenumunda məlumat verilib.
İttifaqın sədri Elbay Qasımzadə ötən 5 ildə fəaliyyətləri barədə danışıb. Qeyd olunub ki, növbəti 5 il üçün də təşkilatın qarşısında mühüm vəzifələr var. Vurğulanıb ki, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində, o cümlədən tikinti və infrastruktur layihələrinin icrası istiqamətində mühüm işlər görülüb. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən respublikada şəhərsalma və memarlığın inkişafına da daim diqqət göstərilir. Şəhərlərimizin və işğaldan azad edilmiş rayonların baş planları tərtib olunur. Bu işlərə Azərbaycan Memarlar İttifaqı da öz töhfəsini verməlidir.
Tədbirə dəvət olunan yubilyar memarlara ittifaqın fəxri fərmanları təqdim olunub.
2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Azərbaycan Memarlar İttifaqının tədbirlər planı müzakirə olunub və əlavə təkliflər qeyd edilib.
Hazırladı: Mina RƏŞİD