Konsert proqramı Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində baş tutub.
Qırğızıstan Akademik Dövlət Simfonik Orkestrinin müşayiətilə Azərbaycan incəsənət ustalarına drijor əməkdar artist Əyyub Quliyev rəhbərlik edib.
Gecədə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Müslüm Maqomayev kimi görkəmli bəstəkarlarımızın repertuarından parçalar səsləndirilib.
Eləcə də Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Telli ilə Vəlinin dueti” qırğız incəsənət ustaları Samira Mamatova və Murat Dervişaliyev tərəfindən ifa olunub.
Proqramda Moldobasanovun “Əmək rəqsi” də tamaşaçılara təqdim edilib.
Konsertin ardınca solistlər təəssüratlarını media nümayəndələri ilə bölüşüblər.
Əməkdar artist Xəyyam Mustafazadə ilk dəfə Qırğızıstan tamaşaçıları qarşısında Azərbaycanı təmsil etməkdən qürur duyduğunu bildirib.
Əməkdar artist Nərgiz Kərimova da böyük məsuliyyət hiss etdiyini və bu gecə səhnədə olduğu üçün çox sevincli olduğunu deyib.
Solistlər Səidə Tağızadə və Fatimə Cəfərzadə də, öz növbələrində, qırğız tamaşaçılar tərəfindən Azərbaycan mədəniyyətinə göstərilən yüksək diqqətdən məmnunluqlarını ifadə ediblər. (Report)