Sonradan Bakıya gələrək Azərbaycan Dövlət Filarmoniyasının solisti olan Ə.Əliyev o dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verib. Görkəmli xanəndənin repertuarında “Dinə bilmədim”, “Bu qala, daşlı qala”, “Ay Pəri”, “Endim bulaq başına”, “Bülbüllər gəzər bağı”, “Tel nazik”, “Saçları burma”, “Gəl-gəl”, “Xal yanağında”, “Qara gözlüm” kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb.
1957-ci ildə ilk dəfə Opera və Balet Teatrının səhnəsinə çıxan Ə.Əliyev həm də tarixə Məcnun obrazını özünəməxsus şəkildə ifası ilə düşüb. Ə.Əliyev bu obrazın daxili dünyasını çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib.
Ə.Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda - İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESKO-nun döş nişanı və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.
Sevimli xanəndə 1990-cı il dekabrın 27-də 63 yaşında Bakıda vəfat edib. Onun özünəməxsus gözəl səsi-avazı bu gün də dinləyiciləri valeh edir.
Hazırladı: Mina RƏŞİD