Bu barədə müsahibəsində Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Etnik və Konfessiyalararası Münasibətlərin Öyrənilməsi Mərkəzinin rəhbəri Aygül Sadvokasova bildirib.
"Assambleyanın yubiley sessiyası aprelin 24-də "Sülh və quruculuğun 30 ili" şüarı altında keçiriləcək. Qazaxıstan zəngin etnik palitrası ilə fərqlənir. Bizim etnik-mədəni müxtəlifliyimiz böyük bir resursdur. Mədəniyyətlər birləşəndə, bir və ya iki belə mədəniyyətin verə biləcəyindən daha böyük bir zənginlik ortaya çıxır. Qazaxıstan bu zənginlikdən istifadə edərək onu güclü mədəni resursa çevirib", - o qeyd edib.
Sadvokasovanın sözlərinə görə, sabah Assambleyanın 30 illik fəaliyyətinin yekunları müzakirə olunacaq.
"Sülh və həmrəylik qorunması lazım olan dəyərlərdir. Assambleya sabitliyin qorunmasına böyük töhfə verir: etnik qrupların inteqrasiyası, münaqişələrin qarşısının alınması ilə məşğul olur. Bizdə Etnomediasiya Şurası, mediasiya kabinetləri, həmçinin etniklərarası vəziyyəti izləyən ixtisaslaşmış elmi-tədqiqat institutu fəaliyyət göstərir. Çünki münaqişəli məsələlər, bir qayda olaraq, səbəbsiz yaranmır - onlar sosial-iqtisadi və ya məişət problemləri ilə bağlıdır", - o vurğulayıb.
Bundan əlavə, Sadvokasova Qazaxıstan Konstitusiyasında bütün vətəndaşların etnik mənşəyindən asılı olmayaraq əsas hüquq və azadlıqlarının təsbit olunduğunu xatırladıb.
"Prezident həmişə vurğulayır ki, biz iki prinsipə sadiqik: "müxtəliflikdə birlik" və "biz fərqli, lakin bərabərik". Məhz bu, Assambleyamızın şüarıdır", - o əlavə edib.
1995-ci ildə təsis edilən Qazaxıstan Xalq Assambleyasına Prezident Kasım-Jomart Tokayev rəhbərlik edir. Bu, prezident yanında məsləhət və məşvərət orqanıdır və vəzifəsi dövlət milli siyasətinin inkişafına və həyata keçirilməsinə kömək etməkdir. Assambleyanın 583 üzvü var. Astana, Almatı, Şımkent şəhərlərində və vilayətlərdə regional assambleyalar yaradılıb, onlara müvafiq akimlər rəhbərlik edir. (Report)