22.11.2024, 09:12
AZ EN
14.12.2022, 12:27 415

Şuşa əsilli, dünya şöhrətli Rəşid Behbudov

XƏBƏRLƏR
  • Bu gün Xalq artisti Rəşid Behbudovun doğum günüdür. O, 1915-ci il dekabr ayının 14-də Tiflisdə əslən Şuşadan olan xanəndə Behbudov Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndindəki Vəkilovlar nəslinə mənsub idi. Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə bədii özfəaliyyət dərnəyində iştirak edib. Qeyri-adi səsi, gözəl avazı olan Rəşid Behbudov hərbi xidməti zamanı ordu ansamblının solisti olub. O, hərbi xidmətdən sonra Tiflis estrada qruplarından birində solist kimi çıxış edib və tezliklə bəstəkar A.Eyvazın rəhbərlik etdiyi Azərbaycan Dövlət Caz orkestrində solistliyə başlayıb. 1930-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyub. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Azərbaycan incəsənəti günlərində iştirak edib. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanıb.

1943-cü ilin sonunda Bakı Kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alıb. 1944-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının yay salonunda solo konserti təşkil olunub. 1945-ci ildə efirə çıxan film tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük şöhrət qazanıb. 1946-cı ildə filmdəki Əsgər roluna görə müğənni “Stalin” mükafatı ilə təltif olunub.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edib. 1946–1956-cı illərdə Azərbaycan Dövlət Flarmoniyasının, 1953–1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azəbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957–1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını  birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və ya bədii rəhbəri olub.

Rəşid Behbudov şirin, şən, şaqraq səsi ilə bütün dünyanı gəzib. Onun xalq mahnılarımızın və bəstəkarlarımızın vokal əsərlərinin xarici ölkələrdə təbliğ edilməsində böyük xidmətləri var. Müğənni Hindistana səfəri haqqında "Uzaq Hindistanda" adlı kitabın da müəllifidir.

Öz gözəl səsi-sənəti ilə Azərbaycanı dünyaya tanıdanlardan biri olan  Rəşid Behbudov 1989-cu il iyun ayının 9-da Moskvada vəfat edib.   Bakıda Fəxri Xiyabanda dəfn edilib. İndi ürəklərdə yaşayır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR