Şuşada ilk dəfə keçirilən “Şərq gecəsi”ndə Məşədi Zeynal da çıxış edib və böyük ifaçılıq məharəti göstərib. 1907-ci ildə Müsəlman Xeyriyyə Cəmiyyəti onun və digər sənətkarların iştirakı ilə təntənəli gecə təşkil edib. İctimai tədbirlərdə fəal iştirakı onu daha da məşhurlaşdırıb. Dahi Üzeyir Hacıbəyli onun ifasını dinlədikdən sonra opera tamaşalarına dəvət edib. Görkəmli musiqişünas Firudin Şuşinski araşdırmasında “Leyli və Məcnun“ operasının afişalarından biri haqqında məlumat verilib: “1911-ci il noyabrın 4-də Nikitin qardaşlarının teatr binasında (indiki Akademik Musiqili Teatrın binası) Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası göstəriləcək. Orada məşhur tarzən Zeynal Haqverdiyev ifa edəcəkdir”.
1915-ci ildə Bakı ictimaiyyətinin mədəni istirahəti üçün “Nicat” cəmiyyətinin təşəbbüsü ilə “Şərq gecəsi” adlı musiqili proqram təqdim edilib. Məşədi Zeynal tarda “Rahab”, neydə isə Mirzə Abdulla “Rast” muğamını səsləndiriblər. Gecədə Hüseyn Ərəblinski Hamletin məşhur “Olum, ya ölüm” monoloqunu söyləyib. Həmin tədbirdə aşıq Abbasqulu, Abdal Qasım və başqaları da iştirak ediblər.
Məşədi Zeynal musiqi tariximizdə Sadıqcandan sonra solo ifa edən ikinci tarzən olub. O öz çalğısında yüksək texniki ustalıq nümayiş etdirib. Bununla da muğamın son dərəcə əzəmətli və nikbin səslənməsinə nail olub. “Hasar”, xüsusilə “Müxalif” şöbələrində misilsiz barmaqlar vuraraq öz çalğısında nəinki xanəndə guşə və xallarını, hətta çətin zəngulə elementlərini belə məharətlə göstərib. O, ustadı Sadıqcan kimi cingənə simlərdə gəzişər, bir neçə formada alt-üst mizrablar vurarmış. Məhz buna görə də saysız-hesabsız dinləyicilər həmişə onun çalğısının intizarında olub.
Tarzən xanəndə oxutdurmaqda da mahir imiş. Qeyd edilir ki, klassik tarzənlər arasında Məşədi Zeynal kimi xanəndəni oxutdurmağı bacaran tək-tək tarzənlər olub. Qocaman sənətkarlardan Qurban Pirimov, Mirzə Mənsur, Seyid və Xan Şuşinskilər Məşədi Zeynal haqqında yüksək fikir söyləyiblər. Xan Şuşinski onun haqqında deyib: “Məşədi Zeynal olan məclisdə hər xanəndə cürət edib oxumazdı. Çünki rəhmətlik tarı elə bir ustalıqla çalırdı ki, elə bil tar xanəndə kimi dil açıb oxuyurdu. Biz tarın nə olduğunu və tarı necə çalmağın sirrini Məşədi Zeynalın çalğısında hiss etmişik. Onun bir layiqli insan kimi də, tayı-bərabəri yox idi. Son dərəcə alicənab, ağırtəbiətli insan idi. O, məclisə daxil olanda hamı ayağa qalxardı...”.
Məşhur muğam ustası Mirzə Muxtar da, tarzən haqqında maraqlı xatirə danışıb: “Xaric oxumaq fəlakətdir. Bir gün bir məclisdə “Şur” oxumaq istəyən xanəndə ağzını açarkən Məşədi Zeynal ondan nə oxuduğunu soruşub. Xanəndə də “Şur” cavabını verib. Məşədi Zeynal tarı yığışdırıb məclisə müraciət edib: “Camaat, bu mərsiyəxana tarzən lazım deyil. Oxuduğu isə “Şur” yox, şordu...”.
Tarzənlə uzun illər dostluq etmiş ustad xanəndə Seyid Şuşinski Məşədi Zeynalla çalıb-oxumaqdan həzz aldığını söyləyib: “O, nəinki məni oxutdururdu, həm də öyrədirdi. Qafqazda tarçalanların hamısı Məşədi Zeynalın barmaqlarını vurmağa cəhd edərdilər. Mənim “Çahargah” ustası kimi püxtələşməyimdə onun əməyi çox olub. Məşədi Zeynal Azərbaycan musiqisi xadimləri içərisində istedadlı bir tarzən, qabil bir sənətkar kimi şərəfli yer tutur. O, Azərbaycan xalqı üçün əvəzsiz sənətkar olub və bunun üçün çox zəhmətlərə qatlaşıb. Bir də o, tək varlıların, kübar ailələrin deyil, geniş xalq kütləsinin zövqünü, mənəvi ehtiyacını ödəmək üçün tar çalıb. Ömrünün son günlərinədək sevimli tarından ayrılmayıb. Müəllimi Sadıqcanın tar məktəbini nəinki davam etdirib, həm də bu məktəbi zənginləşdirib. Onlarca istedadlı tarzən yetişdirib...”.
Ustad tarzən Məşədi Zeynal 1918-ci ildə Bakıda vəfat edib.
Hazırladı: Mina RƏŞİD