Əlibala Hacızadə ədəbiyyata 1956-cı ildə gəlib. Həmin vaxt Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) şərqşünaslıq fakültəsinin tələbəsi olan Ə.Hacızadənin təxminən 20 yaşı vardı.
Yazıçı bir neçə illiyə Əfqanıstana ezam edilib və orada tərcüməçi işləyib. Həmin illər Əlibala müəllim bir-birinin ardınca bədii əsərlərini yazıb. Tezliklə onun “Qürbətdə” adlı hekayələr toplusu, “Təyyarə kölgəsi” romanı, daha sonra isə Əfqanıstanda cərəyan edən hadisələrdən bəhs edən “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası işıq üzü görüb. Məlumata görə, o vaxtlar Əlibala Hacızadənin əsərləri “Azərkitab”ın mağazalarında yüksək tirajla satılırdı.
Müəllifin Əfqanıstanda yaşayarkən qələmə aldığı və sonralar özünün yaradıcılığının zirvəsi adlandırdığı “İtkin gəlin”i daha çox əl-əl gəzirdi. O deyirdi: “Oxucular “Təyyarə kölgəsi” romanımı mənim yaradıcılığımın “şah əsəri” hesab edirlər. Mən özüm isə “İtkin gəlin” romanını yaradıcılığımın zirvəsi hesab edirəm. Mən “İtkin gəlin”i Azərbaycanda yox, Əfqanıstanda olanda yazmışam. Senzuradan kənarda bütün ürəyimdə olanları demişəm bu əsərdə. Buna görə də bu roman mənə daha doğma, daha əzizdir".
Qeyd edək ki, görkəmli ədibin “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə 1993-1994-cü illərdə 12 seriyalı bədii televiziya filmi də çəkilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi əməkdaşı, filologiya elmləri namizədi Əlibala Hacızadə bir çox elmi tədqiqat əsərlərinin də müəllifidir. Onu ciddi alim kimi tanıdan “Fərruxi Yəzdinin poeziyası” əsəri ötən əsrin 60-cı illərinin sonunda işıq üzü görüb. Ə.Hacızadə fars dilindən bir sıra elmi və bədii əsərlərin tərcüməçisi kimi də tanınır. Bunlardan “Quranın 30-cu Surəsinin təfsiri” (iki cilddə), Jan Junyerin “Unudulmuş qəhrəmanlar”, Əli Əkbər Vilayətinin “Səfəvilər dövründə İranın xarici siyasəti tarixindən” və başqa əsərləri misal çəkmək olar.
Əlibala Hacızadə ədəbiyyatı həyatının ayrılmaz hissəsi hesab edirdi. 2004-2005-ci illərdə yazıçının müasir Azərbaycan ədəbiyyatı xəzinəsinə layiqli töhfə olan seçilmiş əsərlərinin on cildliyi nəşr edildi. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları ilə elm adamlarının o vaxtadək bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdıra bilib.
Xalqın sevimli yazıçısı, tərcüməçi, alim Əlibala Hacızadə 2009-cu il oktyabrın 8-də 74 yaşında vəfat edib.
Hazırladı: Mina RƏŞİD