Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və "Space" Müstəqil Teleradio Şirkətinin birgə təşkilatçılığı ilə reallaşan və “Şuşa İli”nə həsr olunan layihə çərçivəsində 30 ölkədən 44 tanınmış ədəbiyyatçı və şair Şuşa üçün şeir oxuyacaq. Azərbaycandan layihəyə 8 şair qoşulub.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Səlim Babullaoğlu layihə ilə bağlı məlumat verib. Bildirib ki, layihə ilə əlaqədar dünyanın ayrı-ayrı 30 ölkəsindəki yazıçılara müraciət edilib: “Sentyabrın 27-dən başlayaraq hər gün bir əcnəbi yazıçının səsləndirdiyi şeir “Space” TV-də yayımlanacaq və bu, Zəfər gününə - noyabrın 8-dək qədər davam edəcək”.
AYB-nin sədri, Xalq yazıçısı Anar qeyd edib ki, Qarabağ müharibəsi başlayandan bəri Yazıçılar Birliyi hər zaman hadisələrin mərkəzində olub: “Yazıçılar Birliyi təbliğat işlərində hər zaman olduğu kimi bundan sonra da daha da intensiv rol alacaq. Bizim haqq işimizi təbliğ etməyimiz üçün bu layihə çox vacibdir”.
“Space” Müstəqil Teleradio şirkətinin prezidenti Müşfiq Hətəmov layihə barəsində məlumat verib. Deyib ki, sözügedən layihə haqq işimizin təbliğində xüsusi yeri olacaq. Həqiqətlərimizin müxtəlif ölkələrdən şairlərin dili ilə deyilməsi Qarabağın Azərbaycanın bir parçası olmasını bir daha bütün dünyaya sübut edəcək.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra nazirlik tərəfindən çoxsaylı işlər görülüb: “Biz çalışırıq ki, Qarabağ həqiqətlərini mədəniyyətin dili ilə çatdıraq. Bu layihə dünya xalqlarının fikrində Qarabağla bağlı düzgün imic formalaşdırılmasına kömək edəcək”.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev diqqətə çatdırıb ki, tarixdə yazıçıların yazdıqları qalır. Çünki yazıçının, şairin sözü əbədi yaşayır. Əslində, yaxşı yazıçı xalqın əbədiyyətdəki vəkilidir.
Qeyd edək ki, “Şuşaya salam” layihəsi sentyabrın 27-dən noyabrın 8-dək davam edəcək.