Bu sözləri “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədri, "Sədərəkdən Şuşaya” filminin layihə rəhbəri və müəllifi Sahil Tahirli söyləyib.
O, qəhrəman naxçıvanlıların Ümummilli Lider Heydər Əliyevin ətrafında yumruq kimi birləşərək düşmənə müqavimət göstərdiyini və Sədərəyi işğaldan qoruduğunu bildirib, Ulu Öndərin “Qeyrət qalası” adlandırdığı bu diyar uğrunda 150-yə yaxın şəhid verildiyini diqqətə çatdırıb.
"Eyni zamanda, Sədərək strateji əhəmiyyətinə görə mühüm mövqeyə malikdir, Türkiyə, İran və Ermənistan ilə sərhəddə yerləşir. 1992-ci il mayın 28-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Araz çayı üzərində “Ümid" körpüsü tikilərək Naxçıvanın blokadasının qarşısı alındı, Türkiyə və İranla əlaqələr quruldu, Naxçıvan qorundu və yaşadıldı", - deyə S.Tahirli qeyd edib.
"Sədərəkdən Şuşaya” filmi barədə də danışan Sahil Tahirli filmin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəni, doğma torpaqlarımızın müdafiəsi uğrunda keçilən qəhrəmanlıq yolunu əks etdirdiyini bildirib. (AZƏRTAC)