23.07.2025, 21:26
AZ EN
23.07.2025, 12:52 217

Vaqif Poeziya Günlərində söz bayramı

XƏBƏRLƏR
  • İyulun 23-də Şuşada Vaqif Poeziya Günləri çərçivəsində poeziya saatı keçirilib.

Tədbirdə çıxış edənlər Vaqif Poeziya Günlərini ədəbiyyatsevərləri bir araya gətirən mühüm mədəni hadisə kimi dəyərləndiriblər.

Çıxışlarda vurğulanıb ki, Vaqif Poeziya Günləri təkcə klassik ədəbi irsin təbliği ilə kifayətlənmir, eyni zamanda müasir ədəbi mühitin inkişafına, yeni ədəbi simaların tanıdılmasına və poeziya mədəniyyətinin yaşadılmasına töhfə verir. Tədbirin Şuşada – Azərbaycan mədəniyyətinin beşiyində keçirilməsi isə bu ənənənin ruhuna və mənasına xüsusi məna qatır.

Tədbir zamanı Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabının təqdimatı olub.

Tədbirdə çıxış edənlər Vaqif Poeziya Günlərinin ədəbiyyatsevərləri bir araya gətirən mühüm mədəni hadisə olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün Şuşada poeziya təkcə oxunmur, həm də hiss olunur, yaşayır, yaddaşlara köçür. Poeziyanın beşiyi sayılan Şuşada belə tədbirlərin keçirilməsi xalqımızın ədəbi-mədəni həyatında xüsusi əhəmiyyət daşıyır.

Natiqlər Xalq yazıçısı Anarın təqdim olunan kitabı haqqında da fikirlərini bölüşüblər. Qeyd olunub ki, bu əsər təkcə ailə salnaməsi deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini birləşdirən ədəbi körpüdür. Kitabda yer alan yazıçılar və şairlər Azərbaycanın söz sənətində iz qoymuş, cəmiyyətin mənəvi həyatına yön vermiş nəhəng şəxsiyyətlərdir.

Natiqlər vurğulayıblar ki, Anar bu əsəri ilə həm tarixi faktları sənətkarlıqla təqdim edib, həm də ədəbi nəsillər arasında görünməz, lakin möhkəm bir bağ yaradıb. Kitabın daxilində toplanan şeirlər isə Anarın poetik düşüncə tərzini daha yaxından tanımaq imkanı verir.

Nəfis tərtibatlı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəslə həsr olunub. Bu nəşr onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

Kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək, ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edib.

Yalnız ideya-məzmunca deyil, struktur-formaca da son dərəcə orijinal, cəlbedici olan “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” əsərində Anar qəhrəmanlarının hər birinin obrazlarını müxtəlif illərdə və müxtəlif ədəbi üsullarda yaratmış olsa da, kitab o qədər bütöv, bitkin və ardıcıldır ki, tarixi fərqlər əsla duyulmur.

Diqqətə çatdırılıb ki, kitabın başqa bir məziyyəti isə ora Anarın şeirlər toplusunun daxil edilməsidir. Müxtəlif illərdə hərdən yazıçının şeir yaradıcılığından da xəbərdar olurduq, amma bu dəfə bu şeirlər bir kitabda toplanıb.

608 səhifəlik bu kitab Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu tərəfindən fəaliyyəti bərpa edilmiş “Yazıçı” nəşriyyatının məhsuludur.

Kitaba “Ön söz”ü akademik Nizami Cəfərov yazıb. Kitabın nəşriyyat redaktoru Varisdir. (AZƏRTAC)

Oxşar xəbərlər