Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Sonra Xındırıstan kəndinə salınacaq Qasım bəy Zakir adına parkın ərazisində ağac əkilib. Bildirilib ki, parkda Qasım bəy Zakirin xatirə muzeyinin yaradılması da nəzərdə tutulub.
Ağdam Muğam Mərkəzində davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Qarabağ ədəbi-ictimai mühitindən, XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Qasım bəy Zakirin həyat və yaradıcılığından, onun ədəbi irsinin xalqımızın mədəniyyət xəzinəsinə daxil olmasından, şairin yaradıcılığında ana dilimizin imkanlarının dolğun əks etdirilməsindən danışıblar.
Qasım bəy Zakir klassik Şərq ədəbiyyatının ən yaxşı cəhətlərini özünəməxsus satirik, lirik üslubda davam və inkişaf etdirərək qüdrətli söz ustası kimi şöhrət qazanıb. O, Azərbaycan bədii dilini yeni pilləyə qaldıraraq məzmunca dolğun, formaca bitkin satirik şerləri, qoşmaları, gəraylıları ilə həməsri olduğu şairlərdən fərqlənib, ustad sənətkar kimi diqqəti cəlb edib. Zakirin ədəbi irsi xalqımızın mədəniyyət xəzinəsinə daxil olub. Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli qərarı ilə Qasım bəy Zakir Azərbaycanda əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına salınıb.
Tədbirin bədii hissəsində Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə respublikanın Əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri konfrans iştirakçılarına təqdim edilib.
Günel QULİYEVA