BİR GÖZÜM YAĞLIVƏND, BİR GÖZÜM ŞUŞA!
Salam, azad dağlar, vüqarlı dağlar,
Bu üzün Yağlıvənd, o üzün – Şuşa!
Məğrur zirvələri a qarlı dağlar,
O üzün Yağlıvənd, bu üzün Şuşa!
Aydındır: – bir ana doğar insanı,
Vətənsiz nəfəs də boğar insanı…
Vətən ürəyinə sığar insanın –
Bir üzü Yağlıvənd, bir üzü Şuşa!
Nadanlar zəvzəyər, aqillər susar,
Mayası kəm olan dostluğu pozar…
“Bitib” aralıqda Qırmızı bazar,
O üzü Yağlıvənd, bu üzü Şuşa…
Nadan da daş atdı, yolun azan da,
Qəsd etdi yolumda quyu qazan da…
Qulp qoyan çox oldu yazı yazanda,
Bir yazı Yağlıvənd, bir yazı Şuşa!
Mən bu yurdun balasıyam, oğluyam,
Çəmənliyəm, çeşməliyəm, dağlıyam…
Hər birinə şair kimi bağlıyam,
Bir sözüm Yağlıvənd, bir sözüm Şuşa…
Mən necə yaşadım – bilənlər bilir,
Ağlayanlar bilir, gülənlər bilir…
Gözümün yaşını silənlər bilir –
Bir gözüm Yağlıvənd, bir gözüm Şuşa!
Qara quzey – qartalların yuvası,
Ərimgəldi – dərdlərimin dəvası.
Düz otuz il iniltimin nəvası –
Həsrətim Yağlıvənd, tamarzım – Şuşa!
Otuz il hey əkdim, görmədim biçin,
Tığlandı dərdlərim üst-üstə, çin-çin.
Həmd olsun! Cüt arzum olub indi çin, –
Bir arzum Yağlıvənd, bir arzum Şuşa!
İndi qucağımı açmışam geniş,
Zirvədən düzlərə nə yoxuş-eniş?!
Dünya min il belə fəsil görməmiş,
Baharı – Yağlıvənd, bu yazı – Şuşa!
Bu, bir millət, iki dövlət olantək...
Bu, bir ürək, iki heyrət olantək…
Bir xəzinə, iki sərvət olantək...
Əruzum Yağlıvənd, avazım – Şuşa!
İnsanı yaşadan qan var, əzizim,
Bəzən əsrə dəyən an var, əzizim.
Ömrə nöqtə qoyan son var, əzizim, –
Bir izim – Yağlıvənd, bir izim – Şuşa…
Kərimliyəm, ürəyimdə sözüm var,
Hər sözümdə bir mənlik var, əzim var.
Bir “mən”imdə mənim iki “öz”üm var –
Bir “öz”üm Yağlıvənd, bir “öz”üm Şuşa,
Mən özüm – Yağlıvənd, mən özüm – Şuşa!!!
Hazırladı: Mina RƏŞİD