Bu barədə İqtisadiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, institutun Elmi şurasının qərarı ilə nəşr edilən kitabın rəyçiləri AMEA-nın müxbir üzvü professor Akif Musayev və iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradovdur.
Monoqrafiyada Şərqi Zəngəzur və Qarabağ ərazilərinin faydalı qazıntılar, xammal, enerji və su ehtiyatları, turizm imkanları sistemləşdirilir. Bu rayonların iqtisadi inkişafının əsas istiqamətləri təsvir edilir, son bir il ərzində görülən işlərə xüsusi diqqət yetirilir. Bunlarla yanaşı, iqtisadiyyatın davamlı və inklüziv inkişafı ilə bağlı təklif və tövsiyələr verilir, yeni aqroparkların, müəssisələrin, sənaye-xidmət məhəllələrinin, klasterlərin, texnoparkların və digər innovativ infrastrukturların, sahibkarlıq obyektlərinin təşkilinin məqsədəuyğunluğu əsaslandırılır.
Kitab dövlət icra hakimiyyəti orqanlarının, ictimai təşkilatların əməkdaşları, alimlər, sahibkarlar, gənc tədqiqatçılar üçün nəzərdə tutulub. (AZƏRTAC)