Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov dörd il əvvəl 44 gün ərzində kürəyini Azərbaycan xalqına söykəyən Azərbaycan Ordusunun mənsublarının göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs edib, Azərbaycan gəncliyinin Qələbə qazandığını diqqətə çatdırıb.
“44 günə nəzər salanda şəhid övladını məğrurluqla qarşılayan ana-atalar, həyat yoldaşının tabutunu çiynində daşıyan cavan gəlinlər, sevdiklərini Vətənə qurban verərək arzularını onunla birlikdə dəfn edən gənc qızlar, üzərinə bombalar yağmasına baxmayaraq, orduya “dayanmayın, irəli gedin” deyən vətəndaşlar, raket zərbəsinin təsirindən yaralanan, amma qorxmadan gülümsəyən uşaqlar, təzyiqlərə sinə gərən, qətiyyətli addımları və uzaqgörən siyasəti ilə düşmən və havadarlarına meydan oxuyan Ali Baş Komandan və onun ətrafında birləşən əzmkar gəncləri gördük. Odur ki, biz hər il həmrəyliyimizin Zəfərini böyük coşqu ilə qeyd edəcək, şəhidlərimizi dərin ehtiramla yad edəcək, qazilərimizə və hərbi qulluqçularımıza minnətdarlığımızı bildirəcəyik. Digər yandan gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsinə və qəhrəman oğullarının şücaətinin nəsillərdən-nəsillərə ötürülməsinə nail olacağıq”, - deyə Q.Xəlilov qeyd edib.
Sonra 44 günlük müharibədən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbir bədii hissə ilə davam edib, könüllülərin ifasında müxtəlif musiqi nümunələri ifa edilib. Həmçinin Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü, fotojurnalist Vüqar İbadovun təqdimatında Vətən müharibəsi zamanı çəkilmiş kadr, həmçinin müxtəlif ordu birləşmələri tərəfindən ordu quruculuğu çərçivəsində həyata keçirilən fəaliyyətlər, təlimləri əks etdirən fotolardan ibarət sərgi, həmçinin Azərbaycan könüllüləri tərəfindən süni intellektdən istifadə edərək hazırlanan “Dirçələn Qarabağ - Könüllülərin gözü ilə” fotosərgi nümayiş etdirilib. (Trend)