22.11.2024, 22:16
AZ EN
09.06.2023, 17:08 315

“Türk dünyasının ortaq ədəbiyyatı” mövzusunda konfrans keçirilib

XƏBƏRLƏR
  • İyunun 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) konfrans zalında Azərbaycan Ədəbiyyat Fondunun, AMEA-nın, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Türk Ağsaqqalları Birliyinin (TAİB) təşkilatçılığı ilə “Türk dünyasının ortaq ədəbiyyatı” mövzusunda konfrans keçirilib.

Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçuyev konfransı açaraq türk xalqlarının illər boyu davam edən kortəbii inteqrasiyasının, təsadüflərə hesablanmış mədəni əlaqələrinin hazırkı dönəmdə Türk dövlətlərinin siyasi, iqtisadi və mədəni birliyinə qədər gəlib çıxması tarixinə diqqət yönəldərək türk dünyasının ortaq ədəbiyyatını zəruri edən şərtlərdən bəhs edib. Varis Yolçuyev daha sonra vurğulayıb ki, Türk dünyasının ortaq ədəbiyyatının yaradılması mövzu olaraq həm ilk olaraq bu təşəbbüsdə bulunan Türkiyə və Azərbaycanı, həm də sonradan təşəbbüsə qoşulan Özbəkistan, Qırğızıstan və Qazaxıstanı cəlb eləyib. Hazırda bu sahədə TÜRKSOY, Beynəlxalq Türk Akademiyası kimi təşkilatlar gərgin əmək sərf etməkdədir. Bu ilin əvvəllərində Ankarada yaradılan və AYB sədri Anarın fəxri sədrlik etdiyi Türk Xalqları Ədəbiyyat Birliyinin yaranması isə bu əməyin zəruri nəticəsi hesab edilə bilər.

Daha sonra AMEA Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli çıxış edərək müasir ortaq türk ədəbiyyatının yaranması zərurətinin səciyyəvi cəhətlərinə toxunub.

Tanınmış türkoloq, TAİB Qadınlar Şurasının sədri, tarix elmələri doktoru Güllü Yoloğlu türk xalqlarının dil və din baryerlərinin ümumi turançılıq ideologiyasına maneələr törədə bilməməsi üçün atılası vacib olan addımlardan bəhs edib.

DGTYB başqanı İntiqam Yaşar 25 il ərzində təmsil etdiyi qurumun ümumtürk ədəbiyyatının yaranmasına verdiyi qatqılardan söz açıb.

İraq kərküklərinin nümayəndəsi, TAİB İdarə Heyətinin üzvü, tanınmış yazar Şəmsəddin Kuzəçi, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu bölüm başqanı, professor Marifcan Yoldaşev, Qazaxıstanı təmsil edən tərcüməçi Altın Tukumbayeva təmsil etdikləri qardaş xalqların ümumtürk ədəbiyyat ailəsinə necə can atmalarını dilə gətiriblər, keçilən yoldan və qarşıda duran vəzifələrdən danışıblar.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər