17.05.2024, 17:18
AZ EN
30.04.2024, 10:51 122

Bu gün Beynəlxalq Caz Günüdür

XƏBƏRLƏR
  • Aprel ayının 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd olunur. Əlamətdar gün 2011-ci ildə UNESCO tərəfindən caz musiqisinin sülh, birlik və insanlar arasında ünsiyyətdə rolunu diqqətə çatdırmaq məqsədilə təsis olunub. Bu təşəbbüs dünya şöhrəti amerikalı caz musiqiçisi, UNESCO-nun xoşməramlı səfiri Herbi Hənkok tərəfindən irəli sürülüb və Beynəlxalq Caz Günü ilk dəfə 2012-ci ildə Parisdə onun iştirakı ilə qeyd edilib.

Beynəlxalq musiqi bayramı münasibətilə müxtəlif ölkələrdə konsertlər, görüşlər, ustad dərsləri, digər tədbirlər keçirilir. Həmçinin UNESCO tərəfindən hər il dünyanın bir şəhəri Beynəlxalq Caz Gününün “ev sahibi” elan olunur.

Beynəlxalq Caz Günü Azərbaycanda da hər il müxtəlif tədbirlər, konsertlərlə qeyd olunur. Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir.

Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdır. Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtuoz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir.

Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq Montre Caz Festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Həmçinin Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər