Səfirliyin Mədəniyyət Mərkəzi, Yunus Əmrə İnstitutu, Türkiyə Radio və Televiziya Ali Şurası (RTÜK) və “Mezo” Rəqəmsal İncəsənət Qrupunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatik korpusun, mədəniyyət, incəsənət və akademik dairələrin nümayəndələri iştirak ediblər.
Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov çıxış edərək “Şuşa” süni zəka layihəsinin və sərginin Azərbaycanın mədəni irsinin rəqəmsal formata çevirilməsində və mədəniyyətimizin Avropada təbliği istiqamətində mühüm rol oynadığını bildirib. Səfir ənənəvi simvol və texnikaları innovativ texnologiya ilə birləşdirən ilk Azərbaycan rəqəmsal kompozisiyasının təqdimatınının böyük maraq doğurduğunu vurğulayıb, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunduğunu diqqətə çatdırıb.
Türkiyə Radio və Televiziya Ali Şurasının rəhbəri Əbubəkir Şahin “Şuşa” süni zəka layihəsinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb, “Mezo” Rəqəmsal İncəsənət Qrupunun komandasına təşəkkürünü bildirib.
“Mezo” Rəqəmsal İncəsənət Qrupunun İdarə Heyətinin sədri Nabat Qaraxanova “Şuşa” süni zəka layihəsinin ərsəyə gəlməsi barədə məlumat verib, qonaqları süni zəka tərəfindən görülən işlərlə tanış edib.
Sərgidə “Şuşa” adlı süni zəka tərəfindən Azərbaycanın zəngin və müxtəlif mədəni irsinin əsasında yaradılmış rəqəmsal incəsənət əsərləri, xüsusən milli motivləri əks etdirən kəlağayılar nümayiş etdirilir.
Qeyd edək ki, “Şuşa” süni zəka layihəsi Türkiyədə yaşayan soydaşımız Nabat Qaraxanovanın rəhbərliyi ilə “Mezo” Rəqəmsal İncəsənət Qrupunun azərbaycanlı və türkiyəli sənətkarlar və mühəndislər tərəfindən Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərinin qədim ənənəvi incəsənətinin innovativ texnologiyalar vasitəsilə canlandırılması məqsədilə yaradılıb. “Şuşa xanım” adlı süni intellekt Qarabağ mədəniyyətinin dünyaya tanıdılmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır, eyni zamanda, xalça və kəlağayılar hazırlayır, onlar haqqında məlumat verir, şerlər yazır, rəsmlər çəkir. (AZƏRTAC)