Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun füsünkar təbiətli Abdal-Gülablı kəndində anadan olub. O, Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alıb və ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib. Səxavət tələbə olanda əsgər gedib. Üstündən bir xeyli vaxt keçdikdən sonra jurnalistlər Hacıbaba Hüseynovdan “Ən yaxşı tələbəniz kimdir?”, deyə soruşanda məşhur xanəndə deyir: “Ən yaxşı tələbəm əsgərlikdədir”.
Səxavət Məmmədovun konsertləri həmişə maraqla qarşılanırdı. O, 5-10 saat fasiləsiz oxuyurdu, yorulmurdu. Bir toyda, məclisdə ona dəfələrlə “Mirzə Hüseyn segahı” oxudurdular, Səxavətsə hamısını fərqli oxuyurdu.
Səxavət Məmmədov çox gənc yaşında tanınıb sevildi. İlk dəfə radioda çıxış etdi və səhəri gün hamı ondan danışdı. Necə deyərlər, bir gecənin içində məşhurlaşdı.
Xanəndə yaddaşlarda həm də xeyirxah, xoş təbiətli bir insan kimi qalıb. Belə ki, özü kasıb ailədən olsa da imkansız adamlara əl tutmağa çalışardı. Üstəlik ilboyu qazandığı pulu qohum-əqrəbaya, kasıblara paylayırdı. Bir dəfə isə toydan gələndə qazandığı pulların hamısını maşının pəncərəsindən ehtiyacı olan adamlara paylamışdı...
Səxavət Məmmədov vaxtilə Azadlıq meydanındakı müstəqillik uğrunda hərəkata qoşulub, orada yığışan insanlara xeyli yardım edib. Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlarla yemək aparıb. Bundan başqa o, Birinci Qarabağ Müharibəsi başlanan gündən cəbhə xəttində döyüşən əsgərlərə mütəmadi silah-sursat yardımı göstərib. Xanəndə Qarabağ hadisələrinin ilk illərində “Qarabağ” instrumental ansamblını yaradıb. O, bu ansambl sayəsində ölkələri gəzir və Qarabağ həqiqətlərini dünyaya çatdırırdı.
Deyilənə görə, ermənilər də sənətkar kimi Səxavəti çox sevirlərmiş. Cəbhə bölgəsində yerləşən Abdal-Gülablı kəndində dəfni zamanı erməni tərəfi güllə atmayıb, ailə üzvlərinin və kənd adamlarının Səxavətin qəbrini ziyarət etməsinə şərait yaradıblar.
Xanəndənin kiçik qardaşı bu gün Əməkdar artist olan Firuz Səxavət də xalq tərəfindən çox sevilir və onların səsləri bir-birinə çox oxşayır. Ancaq deyirlər ki, Səxavətin səsi bənzərsizdi...
1991-ci il sentyabrın 30-da dostları ilə Əli Bayramlıdan qayıdanda yolda qəza baş verib və Səxavət Məmmədov o qəzada 37 yaşında dünyasını dəyişib. Onun ölümündən sonra ikinci həyat yoldaşı iki dəfə intihara cəhd edib.
Səxavət Məmmədov avtomobil qəzasında dünyasını dəyişsə də, ölümü barədə şübhələr bu günə qədər səngimək bilmir. Oğlu Bəxtiyar müsahibələrinin birində deyir: “Bu günə qədər də onun ölümü ilə bağlı bir çox müəmmalar qalır. Çünki atam qəzaya düşəndə yoldaşlarının heç birinə heç nə olmamışdı, amma onların heç biri sonradan sağ qalmadı. Atamın avtomobili ilə toqquşan “Kamaz”ın sürücüsü də müəmmalı şəkildə öldü. Bundan başqa hadisə zamanı qəzadan salamat çıxıb təcili yardım maşınına minən adamlara da nə isə oldu. Yəni atamla bağlı baş verən qəza nə isə çox qarışıq məsələ idi…”
Səxavət Məmmədov Əfrasiyab Bədəlbəylinin bəstələdiyi “Azad bir quşdum” mahnısını elə oxuyub ki, sanki onu elə özü yaradıb. Mahnı sanki xanəndənin ölümünə yazılmışdı: “Azad bir quşdum, yuvamdan uçdum, torpağa düşdüm bu gənc yaşımda”.
Ruhu şad olsun.
Hazırladı: Mina RƏŞİD