17.06.2025, 15:41
AZ EN
19.08.2024, 11:43 356

Bu gün Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür

XƏBƏRLƏR

Qızları dilbər,

Oğulları ər,

Odum, ocağım,

Ana qucağım

Qalsam həyatım,

Ölsəm torpağım - Azərbaycanım!

 

Şeirləri həmişə təzə-tər, dillər əzbəri olan Xalq şairi, tərcüməçi, “İstiqlal” ordenli Mirvarid Paşa qızı Dilbazinin bu gün doğum günüdür.

Mirvarid Dilbazi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, 1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub. “Dilbazilər” soyadı Nadir şahla bağlıdır. XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinədək Qazax bölgəsində yaşamış çoxsaylı nəsil şəcərəsi olan tayfadır. 

Mirvarid Dilbazi APİ-nin dil və ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra gənc şair Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934–1938), Dövlət Nəşriyyatında tərcüməçi (1938–1940) vəzifələrində çalışıb.

Mirvarid xanımın əsas yaradıcılıq fəaliyyəti xalqla, onun həyatında baş verən böyük inqilabi dəyişikliklərlə bağlıdır. "Qadınların hüriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib. Bu dərgidə, o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunub. Onun əsəslərinin ana xətlərindən biri məhz şərq qadının taleyi ilə bağlı idi. Böyük Vətən Müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tuturdu. Mirvarid Dilbazi əmək adamlarını, onların həaytını təsvir edən şeirlərinə örnək olaraq "Xəzər üstə şəhərim var", "Abşeronda gün doğanda", "Günəş kimi", "Çiçəklər şəhəri", "Qoçağım Zeynəb" və s. göstərmək olar. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir.

M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış, şeir xəzinəmizi zənginləşdirmişdir. M.Dilbazinin 70–80-cı illərdə "Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972),"Dağ çiçəyi" (1977), "Yasəmən fəsil", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və nəhayət, 3 cilddə "Seçilmiş əsərləri" (1982–84) çap olunmuş, ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırmışdır.

Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələmişlər.

Unudulmaz şairin Xatirə Dilbazi adında yeganə qız övladı var. Mirvarid xanım 2001-ci il iyulun 12-də vəfat etmişdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər