17.06.2025, 05:00
AZ EN
08.08.2024, 11:21 478

Bu gün Akif İslamzadənin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün özünəməxsus səsi, ifa tərzi ilə musiqi mədəniyyətimizdə əbədi iz qoyan istedadlı müğənni, bəstəkar Akif İslamzadənin doğum günüdür. Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir.

Akif İslamzadə ifaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele-Radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestri ilə çalışıb. O, hərbi xidmətindən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

Akif İslamzadə 120-dən çox mahnının ifaçısıdır. “Bura Vətəndir”, "Sarı Gəlin", "Bu gecə", “Gəl bizim dağlara”, “Təkcə səndən xoşum gəlir”, "Alagözlüm", "Ötən günlərimi qaytarydılar" kimi mahnıları ilə dinləyici sevgisi qazanıb.

1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji mərkəzdə altı aylıq müalicədən sonra cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb. Amma buna baxmayaraq onun mahnıları həmişə dinlənilir və dinlənəcək…

Akif İslamzadə 2018-ci ildə Prezident Mükafatına, 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. O, 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Akif İslamzadə unudulmaz xanəndə, Xalq artisti Sara Qədimovanın oğludur.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR