28.03.2024, 14:07
AZ EN
28.07.2022, 11:45 365

"Şuşa - Qarabağın dünəni, bu günü, sabahı": Abdulla bəy Asi

XƏBƏRLƏR
  • "Şuşa İli" çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.

Muzeydən bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat görkəmli şair, mütəfəkkir Abdulla bəy Asiyə həsr olunub.

Abdulla Əli bəy oğlu Fuladov 1841-ci ildə Şuşa şəhərində anadan olub. Abdulla bəy ilk təhsilini həmin dövrdə Şuşada fəaliyyət göstərən mədrəsələrdən birində alıb, yüksək istedadı sayəsində qısa müddət ərzində ərəb, fars, rus və cığatay dillərini mükəmməl öyrənə bilib. Təbii ki, onun uğur qazanmasında, şairliyə meyil etməsində ana babası dövrünün böyük şairi Qasım bəy Zakirin (1784-1857) xüsusi rolu olub. Gəncliyində, eyni zamanda, Əlişir Nəvainin əsərlərini oxumuş, bu əsərlərdən cığatay dilini öyrənmiş və bu dildə də bir neçə qəzəl yazıb. O, Şuşada şairlər yığıncağı kimi fəaliyyət göstərən Məclisi-fəramuşanın qurucusu və aktiv üzvü olub.

Müəllifi olduğu aşiqanə lirik şeirlər ilə yanaşı, dini mövzuda yazdığı mərsiyə və növhələri də dillər əzbəri olmuş, ən mötəbər mərasimlərdə oxunub.

Şeirlərində dini-irtica motivli insanları və feodal adətləri tənqid edib. Şeirlərinin bir çoxu dövrümüzə gəlib çatmamış, dövrümüzə gəlib çatanlar isə daha çox qəsidə və mərsiyə üslubunda yazdığı şeirləridir. Abdulla bəy Asinin şeirləri ilk dəfə Firidun bəy Köçərli tərəfindən "Azərbaycan ədəbiyyatı" əsərində yayımlanıb.

Abdulla bəy Asi 1874-cü ildə Şuşada vəfat edib. (AZƏRTAC)

Oxşar xəbərlər