Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən “Türk dünyasında Azərbaycan” adlı poeziya antologiyası nəşr olunub. Antologiya “Türk Dünyasının birliyində Azərbaycançılıq ideyasının rolu” layihəsi çərçivəsində işıq üzü görüb.
Kitabın Türk dünyasına bir töhfə olduğunu deyən “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri və layihənin rəhbəri Dəyanət Osmanlı bildirib ki, antologiya azərbaycançılıq ideyasını, türk dünyasının həmrəyliyini, ortaq mədəniyyətimizi, ortaq dilimizi, şərəfli Zəfər tariximizi vəsf edən çağdaş ədəbiyyat örnəyidir: “Fikrimizcə, kitabı yeni nəsil yazarlarımızın yaradıcılıq imkanlarının zəngiləşməsində stimul və uyğun elmi dairələrdə araşdırmaçılar üçün etibarlı bir mənbə hesab etmək olar. Kitabda türk xalqlarının, o cümlədən çağdaş Azərbaycan poetik yaradıcılıq örnəklərinin əks etdirdiyi milli, mənəvi, əxlaqi dəyərlər, vətəndaşlıq hiss və duyğuları, xalqımızın mübariz xarakter və təfəkkür özəllikləri haqda aydın bir mənzərə ilə təqdim olunur”.
Antologiyada Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan olmaqla, ümumilikdə 50-dək tanınmış müəllifin şeirləri yer alıb. Nəfis şəkildə, 400 tirajla çap olunmuş 224 səhifəlik nəşrin məsləhətçisi akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktorları filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayeva və Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslıdır.
Nəşrin kitabxanalara, müəlliflərə, ziyalılara və gənclərin daha çox təmsil olunduğu müxtəlif auditoriyalara, QHT nümayəndələrinə paylanılması nəzərdə tutulub.
Qeyd edək ki, kitabın təqdimatı 29 oktyabrda Atatürk Mərkəzində keçiriləcək.
Mina RƏŞİD