Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyib. O, Möhsünün oxuması ilə şəxsən özü məşğul olub. Ancaq Zinyət xanımın da özünün ailə üzvləri çox idi. Buna baxmayaraq o, Möhsünü də, onun bacısını da doğma övladı kimi saxlayıb. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına yük olduğuna görə xəcalət çəkirmiş. Odur ki, 1909-cu ildən çalışmağa başlayıb. O, “Şeytanbazar” da hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşıb.
Səhnə həvəsi M.Sənanidə yeniyetmə yaşlarından baş qaldırıb. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirməyə başlayıb.
1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxıb. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayıb. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulub və bu dərnəklərdə birpərdəli povestlərdə özünü sınamağa başlayıb. Möhsünün ilk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin müqqədir komik aktyoru Mirzəxan Quliyev olub. 1915-ci ildə M.Sənanini Tiflis truppasına cəlb ediblər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur.
Gənc olmasına baxmayaraq az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılıb. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradaraq, ona həqiqi aktyor şöhrəti qazandırıb. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışıb. Beləliklə o, 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayıb. M.Sənani nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan "Səbuhi", "O olmasın, bu olsun", "Sehrli Xalat" və s. filmlərini qeyd etmək kifayətdir.
Bir çox mükafatlara layiq görülmüş, “Şərəf nişanı” ordenli, görkəmli teatr və kino aktyoru Möhsün Sənani 1981-ci il fevralın 11-də 80 yaşında vəfat edib. Bakıda 2-ci Fəxri Xiyabanda dəfn edilib. Onun işıqlı xatirəsi həmişə yaddaşlarda yaşayacaq!
Hazırladı: Mina RƏŞİD