23.12.2024, 10:52
AZ EN
03.03.2023, 14:18 292

Ağdamda Qarabağ xalçaçılıq sənəti yenidən fəaliyyətə başlayıb

XƏBƏRLƏR
  • Xalçaçılığın zəngin ənənələrinin qorunub saxlanmasında və inkişaf etdirilməsində mühüm rol oynayan Ağdam rayonunda 25 ildən sonra yenidən Qarabağ xalçaları toxunmağa başlayıb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quzanlı qəsəbəsində inşa edilən filialda tikinti işləri başa çatıb. Müəssisədə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulub ki, onlardan da 150-si xalçaçı qadınlar olacaq. Artıq filialda işləyəcək qadınlara xalça toxunmağın sirləri öyrədilir.

Ömrünün 40 ilini xalçaçılığa həsr  etmiş Əməkdar Mədəniyyət İşçisi Ceyran Əliyeva bu qədim  el sənətinin incəliklərini ilmələrin dili ilə gənc xalçaçılara öyrədir.

O, bildirib ki, xalçaçılıq ulu nənələrimizin əllərinin hərarəti və gözlərinin nurundan yaradılmış bir sənətdir. Uzun illər Qarabağ öz xalçaları ilə çox məşhur olmuş və ölkəmizdən kənarlarda da tanınmışdır. Lakin ermənilərin işğalı nəticəsində 25 ildən çoxdur ki, Qarabağda, Ağdamda xalçaçılıq fəaliyyəti dayanmış və bu sənət  Qarabağda itmək üzrə idi. Ağdamda da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi altında bu bina inşa edilmiş, xalçaçılığın yenidən fəaliyyətə başlaması  qonşu rayonların əhalisi üçün də şərait yaratmışdır.

Ağdam rayon sakini Kifayər Zeynalovanın dediyinə görə, bu sənəti çox sevib, hələ uşaqlıqdan milli dəyərlərimizin atributlarından biri olan xalçaçılıq sənətinin dərin sirlərinə yiyələnmək arzusunda olub. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdikdən sonra Ağdamda belə bir müəssisənin açılmasında ölkə başçısına,  onlara bu cür şəraitin yaradılmasında  əməyi olan gigər şəxslərə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, filialda əsasən, məcburi köçkün qəsəbələrindən və müxtəlif kəndlərdən olan qadınlar xalçaçılıq peşəsinə yiyələnirlər. Onlar həm Qarabağ xalçaçılıq məktəbinin ənənələrini davam etdirəcək, həm də ailələrinin sosial rifahını yaxşılaşdıracaqlar.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər