Əhməd bəyin vəfatından sonra Həmidə xanım Qarabağın Kəhrizli kəndində ata mülkünü idarə edib. O nəinki Kəhrizli kəndinin, hətta bütün Qarabağın ona pənah gətirən insanlarından kömək əlini heç vaxt əsirgəməyib. Aclıq və qıtlıq illərində Həmidə xanım Qarabağ əhalisinə əl uzadar, onlara yardım edərdi. O, Tiflis Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinin yaradıcılarından və ən fəal üzvlərindən olub.
Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabının yazılmasının maraqlı bir tarixçəsi var. Belə ki, XX əsrin 30-cu illərinin ortalarında Mir Cəfər Bağırovun göstərişi ilə Həmidə xanım Yazıçılar İttifaqına dəvət edilib. Burada Həmidə xanıma bildirirlər ki, yoldaş Bağırov arzu edir ki, o dövrdə Qarabağda olan hadisələri, inqilabi hərəkatları, o illərin mühüm bolşevik simaları haqqında bildiklərini qələmə alsın. Baxmayaraq ki, Həmidə xanım “Xatirələrim” memuar əsərini artıq yazmağa başlamışdı, təklifi qəbul edib. Elə oradaca ona ərizə yazdırıb Yazıçılar İttifaqına üzvlüyə qəbul ediblər. Əsərin yazılması üçün müəllifə iki-üç il vaxt verilib. Bu illərdə Həmidə xanım yüksək maaş, xüsusi xidmət maşını, qıtlıq dövrü olduğundan “kremlyovski payok” deyilən ərzaq payı və başqa bu kimi imtiyazlarla təmin olunub. Beləliklə, Həmidə xanım yazdıqlarını Yazıçılar İttifaqına təhvil verib. Növbədə yalnız kitabın çapı qalırdı. Bir aydan sonra Həmidə xanıma Yazıçılar İttifaqından bildiriblər ki, yoldaş Bağırov əsəri bəyənməyib, çünki onun Qarabağdakı bolşevik fəaliyyəti, vətən və xalq qarşısında əvəzsiz xidmətləri kitabda geniş şəkildə əks olunmayıb. Həmidə xanımın isə cavabı o zaman kimsənin ifadə edə bilməyəcəyi sözlərlə qısa və konkret olub: “Mən görmədiklərimi yaza bilmərəm”. Bununla da Həmidə xanım Cavanşir repressiyaların tüğyan etdiyi bir dövrdə böyük bir cəsarət nümunəsi göstərərək, “yalançı tarix” yazmaqdan, rəhbəri mədh etməkdən qəti şəkildə imtina edib. Nəticədə ona verilən bütün imtiyazlar əlindən alınıb, kitab isə çap edilməyib. Fəqət uzun sürən qadağalardan sonra sovet dövründə “Xatirələrim” kitabının tam deyil, qısa formada nəşrinə icazə verilib. Kitabda əsasən Həmidə xanım Cavanşirin ömür-gün yoldaşı, böyük ədib Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı öz əksini tapıb. Dövrünün görkəmli ictimai xadimi, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşirin “Xatirələrim” əsəri oxuculara ilk dəfə təqdim edilib. Müəllif burada atası Əhməd bəy Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” jurnalı, Qafqaz-İslam ordusunun Şuşaya gəlişi, Cümhuriyyət dönəmində Qarabağın vəziyyəti haqqında geniş məlumat verir, sovet hakimiyyəti gəlincə ailənin necə məşəqqətlə Təbrizə köç etməsini, Bakıya döndükdən sonra onların ağır vəziyyətini və başqa hadisələri təsvir edir. Həmidə xanımın saxtakarlıqdan, riyakarlıqdan uzaq “Xatirələri” tariximizin önəmli bir parçasıdır.
İlk sahibkar xanımlardan olan Həmidə xanım Cavanşir Azərbaycanda qadınların çalışdığı ilk sənaye müəssisəsinin qurucusudur. O, 1919-cu ildə Tiflisdən xüsusi dəzgahlar gətirdərək Şuşada toxuculuq arteli açmış, qadınları işə cəlb etmişdi. Həmidə xanım öz xatirələrində yazır ki, həmin dönəmdə Şuşaya gələn hərbi nazir Səməd bəy Mehmandarov emalatxananı gəzərək çox bəyənib, hətta ordu üçün geyim sifariş edəcəyinə söz verib.
Tarixi şəxsiyyət Həmidə xanım Cavanşiri həmvətənlərinin maarifdən kənarda qalması hər zaman narahat edib. O, atasının ən böyük arzusunu gerçəkləşdirmək üçün doğma kəndi Kəhrizlidə xüsusi bina tikdirərək bir məktəb açıb. Ümumiyyətlə, Mirzə Cəlil - Həmidə xanım cütlüyü nəsillərə nümunə ola biləcək bir ailə olub. 25 illik birgə həyatları boyu bütün varidatını, sərvətini Mirzə Cəlilin yaradıcılığına sərf edən Həmidə xanım böyük ədibin ağır və xoş günlərinin şəriki, əsl silahdaşı, fədakar, dözümlü, mübariz dostu olub, məhəbbət və qarşılıqlı ehtiramla ömür sürüb. Bu illər ərzində Cəlil Məmmədquluzadə kəskin zərbələrə, ittihamlara, təqiblərə məruz qalıb. Həmidə xanım ona mənəvi dayaq olaraq çalışıb ki, Mirzə Cəlili nikbin ovqata kökləsin, onun ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərə bilsin.
Həmidə xanım, xeyriyyəçilik tədbirləri ilə yanaşı, bu işi həyat idealına çevirən mərd, mübariz bir qadın olub. O, Azərbaycan maarifinin inkişafında müstəsna əhəmiyyəti olan “Molla Nəsrəddin” jurnalını himayə edib, bu yolda bir an belə maddi dəstəyini əsirgəməyib. “Molla Nəsrəddin”çilərdən olan hər bir ziyalını, o cümlədən böyük şair Mirzə Ələkbər Sabiri Tiflisə gətirdib müalicə etdirib. Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında Azərbaycanın tarixi şəxsiyyəti Üzeyir Hacıbəyov xüsusi məqalə yazıb. Məqalə bu sözlərlə bitir: “Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər qadın oldu ki, şairin səhhəti üçün, milyonçu kişilərin olmasına baxmayaraq, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi”.
Həmidə xanımın xatirələrindən məlum olur ki, Tiflisdə qızlar məktəbi olan “Müqəddəs Nina” məktəbində Azərbaycan dili müəllimi yox idi. Həmidə xanım məktəbə müəllim təyin etdirib, maaşını da özü verib. Daha sonralar, 1909-cu ildə Həmidə xanım Kəhrizlidə öz vəsaiti hesabına tibb məntəqəsi, toxuculuq emalatxanası və məktəb açdırıb. Bu yorulmaz fədakar qadın burada işə cəlb etdiyi müəllimlərlə bir sırada özü də dərs deyib. Yenə xatirələrindən məlum olur ki, Azərbaycan Xalq Cumhuriyyətinin qurulması ərəfəsində Qarabağda baş verən milli qarşıdurmada vətənini çox sevən Həmidə xanım Cavanşir öz vəsaiti hesabına yerli döyüşçü dəstələri təşkil edib. Bu hadisə Həmidə xanım Cavanşirin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir.
Tarixdə və yaddaşlarda bu qadının xalqına olan bağlılığını əks etdirən yüzlərlə fakt var. Bunların hər biri sübut edir ki, Həmidə xanım Cavanşir Mirzə Cəlilə ən yaxın silahdaş olmaqla bərabər, həm də onun adını zirvələrə qaldıran, böyük ustadın bənzərsiz yaradıcılığını öz yüksək şəxsi xarakteri ilə tamamlayan insan idi.
Ötən əsrin əvvəllərində Qarabağda, o cümlədən Kəhrizli kəndində və ətrafda böyük aclıq, kütləvi epidemiya tüğyan edirdi. Belə təhlükəli məqamda Həmidə xanım yenə də öndə olub. O öz faytonu ilə hər bir evə darı, un və digər ərzaqlar paylayıb. Tauna və qızılcaya qarşı əhaliyə peyvəndlər vurdurub. Başqa müalicəvi vasitələrlə insanlara kömək edib. O dövrdə yüzlərlə insanı aclığın və ölümün cəngindən xilas edən bu nəcib xanım həm də uşaq və yeniyetmələrin savadlanmasında müstəsna xidmətlər göstərib. Həmidə xanım qadınların savadlanmasına da yardımçı olub.
Kəhrizlidə ilk olaraq oğlan və qızların birlikdə təhsil aldığı məktəbin əsasını qoyan Həmidə xanım yoxsulların, kimsəsizlərin balalarını təhsilə cəlb edib. O zaman tibbi yardımdan söhbət belə gedə bilməzdi. Həmidə xanım bu işin də öhdəsindən gəldi, xalqın yaralarına məlhəm oldu. İlk olaraq Şuşada, sonra isə Kəhrizlidə xalça emalatxanası açdırdı, müxtəlif Qarabağ xalçaları toxutdurdu.
Millətin qabaqcıl maarifçilərindən olan Həmidə xanım ömür-gün yoldaşının vəfatından sonra da xalqının mədəni, ədəbi və ictimai intibahında yorulmaz əmək sərf edib.
Qarabağın böyük, ziyalı, işıqlı bir nəslinin davamçısı olan Həmidə xanım Cavanşir həyatı boyu öz keçmişinə, əzəli kökünə minnətdar olub, bu müqəddəsliyi şərəflə daşıyıb, ləyaqətlə yaşayıb. Səksən iki il ömür sürən, el-obasıyla həmişə səmimi ünsiyyətdə olan əsilzadə, zəhmətsevər Həmidə xanım əsl el anası, ağbirçək bir sima idi. Həmidə xanım Cavanşir 1955-ci il fevralın 6-da Bakıda vəfat edib.
Onun işıqlı xatirəsi xalqın yaddaşından heç vaxt silinməyəcək.
Hazırladı: Mina RƏŞİD