“Natəvan Qızlar Bayramı”nın təşkilatçısı Çimnaz Əliyeva bununla bağlı Ağdam TV-yə müsahibəsində bildirib: “Bu bayramın keçirilməsi üçün təşkilat komitəsi ayrılmışdı və təşkilat komitəsinin rəhbərliyi mənə həvalə olunmuşdu. Bayrama ciddi hazırlıqlara başlanıldı. Demək olar ki, rayonun bütün mədəni-maarif müəssisələrinin nəzdində bədii özfəaliyyət kollektivləri yaranmağa başlandı. O vaxtlar çox məşhur olan, hətta ümumittifaq festivalının qalibi olmuş “Lalə qızlar” ansanblı, Gülablı kənd mədəniyyət evinin ansanblı, Güllücə kənd mədəniyyət evində yaradılmış “Gülü bulağı” folkloru, təkcə Ağdamda deyil, respublikada məşhur olan “Şur” ansanblı, “Qarabağ bülbülləri” kollektivi, ümumiyyətlə, bütün mədəni-maarif müəssisələrindən bədii-öz fəaliyyət kollektivləri bu bayrama cəlb olunmuşduar”.
C.Əliyeva sonra əlavə edib ki, Xan qızı Natəvanın məzarı üstü abidəsinin açılışından sonra Ağdamın “İmarət” stadionunda “Natəvan Qızlar Bayramı”na strat verilib. Stadiona at üstündə Məhsəti Gəncəvi, Heyran xanım, Həcərin canlı obrazları mərasimə daxil olub. Faytonda isə şairə Xurşud Banu Natəvannın obrazı görünüb.
Çimnaz xanımın dediyinə görə, Natəvan obrazını Respublikanın Xalq Artisti Amalya Pənahova canlandırıb. Çox böyük həcmdə keçirilən bu tədbirə respublikanın görkəmli ziyalıları, o dövrdə Mədəniyyət naziri işləyən Zakir Bağırov, digər ziyalı təbəqələr, ümumiyyətlə, Ağdama tək Bakı şəhərindən 150 nəfərdən çox qonaq dəvət olunmuşdu və hamısı iştirak edirdilər: “Orda folklor nümunələri nümayiş olunurdu, Qarabağın məişətin, özünə məxsus xalçaçılıq sənəti, mətbəxi həmin bayramda öz əksini tapırdı. Yəni, “İmarət” adlanan, həm də Ağdamda futbol meydançası kimi istifadə olunan ərazidə həm də xalça toxunan dəzgahlar qurulmuşdu, qızlar xalça toxuyurdular, saclarda yuxa bişirilirdi, qadınlar yun əyirirdilər, sap toxuyurdular, yəni, bütün bunlar, Ağdama məxsus milli nümunələr hamısı əyani şəkildə burada öz əksini tapırdı. Hardasa, üç saata yaxın keçən bayram tədbirini əslində, ənənəvi bayram tədbiri kimi keçirdirdik. Hər il demək olar ki, aprel ayının sonlarında, mayın əvvəllərində “Natəvan Qızlar Bayramı” hər hansı bir formadasa özünəməxsus mili dəyərləri nümayiş etdirir, yüksək səviyyədə bayramlar keçirilirdi. Bu bayram bütünlükdə, Ağdam mədəniyyətinin dirçəlişinə, inkişafına böyük təkan vermişdi. Kollektivlərin istər professional səviyyəsinin artırılmasına, istər say tərkibinin genişlənməsinə, istərsə də incəsənətimizin müxtəlif dövrlərdə inkişaf etdirilməsində çox böyük rolu olmuşdur”.
Çimnaz Əliyeva daha o günləri kədərlə xatırlamır. Çünki erməni işğalından azad olunan doğma Ağdam şəhərində yenidən “Natəvan qızlar bayramı”nın keçiriləcəyinə inanır.
Hazırladı: Tahirə AĞAMİRZƏ