19.04.2024, 04:37
AZ EN
08.07.2022, 16:40 377

Şəhid Mehman Yusifova həsr edilmiş “Ömür karvanım” kitabı təqdim olunub

XƏBƏRLƏR
  • “Qarabağ” ordenli şəhid Mehman Yusifova həsr olunmuş “Ömür karvanım” kitabının təqdimat mərasimi keçirilib. Kitabın müəllifi şəhidin bacısı Zəkiyyə Musaqızıdır.

Tədbirdən əvvəl Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz, baş gizir Mehman Yusifovun anası Gülsüm xanım və şəhidin bacısı Zəkiyyə xanımla görüşərək onların qayğıları ilə maraqlanıb.

“Azərkitab” nəşriyyatında keçirilən tədbirin aparıcısı, “Alaş” beynəlxalq ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı “Ömür kitabım” və şəhid baş gizirin həyat yolu haqqında məlumat verib.

Sonra Vətən üçün canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qənirə Paşayeva bildirib ki, Mehman Yusifov müstəqil Azərbaycanın ən yüksək ordenlərindən biri ilə təltif edilib. Mehman kimi Vətən övladları unudulmur, bir evdən çıxıb bütün xalqın övladına, fəxarət və qürur yerinə çevrilən oğullar həmişə xatırlanacaq.

Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olmuş qəhrəman şəhidimizin 2016-cı ilin Aprel döyüşlərində də mərdliklə döyüşdüyünü xatırladıb, 44 günlük müharibənin ilk günlərindən Cəbrayıl, Füzuli istiqamətlərində döyüşlərdə xüsusi şücaət göstərdiyini bildirib.

“Regional hüquqi və iqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, “Şöhrət” ordeni laureatı Tahir Əmiraslanov, şəhidin döyüş yoldaşları və digərləri hərbçimizin qəhrəmanlığından danışıb, kitab haqqında fikirlərini bölüşüblər.

Sonda kitabın müəllifi Zəkiyyə Musaqızı tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, “Ömür karvanı” kitabını oxucular üçün imzalayıb.

Qeyd edək ki, Mehman Yusifovun həyat və döyüş yoluna işıq salan “Ömür karvanım” Zəkiyyə Musaqızının ilk kitabıdır. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əlimərdanlı Aşıq Nəcəf ocağının nümayəndəsi Məzahir Alıyev, məsləhətçisi tanınmış şair-publisist Vaqif İsaqoğludur. Kitab “İmza” Nəşrlər evində bu ilin mayında işıq üzü görüb.

Xatırladaq ki, baş gizir Mehman Yusifov 1979-cu il iyulun 18-də Tovuzun Bayramlı kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan əks-hücum əməliyyatı zamanı fədakarlıqla vuruşaraq Cəbrayıl rayonu uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Qarabağ” ordeni, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR