Ömrümün baharı, qışı Şuşadı,
Gözümün bitməyən yaşı Şuşadı...
Arzularım min-min, milyon-milyondu,
Bütün arzuların başı Şuşadı...
Bəzən sözlər zamanın fövqündə dayanır, gələcəyi duyur, hələ baş verməmiş sevinclərin izini içində daşıyır. Bəzən bir bəndlik şeir illərlə gizlənir, illərlə susur və sonda - zaman yetişəndə bir xalqın qüruruna çevrilir.
“Ömrümün baharı, qışı Şuşadı...” - bu misralar 8 noyabr 2013-cü ildə qələmə alınıb. Hələ Şuşa işğal altındaykən, hələ Zəfər gününə 7 il qalarkən... O zaman bu misralar bir həsrətin hayqırtısı idi. Bir göz yaşı, bir dua kimi sətirlərə hopmuşdu.
Amma indi - illər sonra həmin tarix - 8 noyabr - artıq bir millətin alnına yazılmış Zəfər günüdür. Və o misralar sadəcə şeir deyil, bir hissin, bir yurd yanğısının, bir taleyin simvoludur.
Gözəl şairimiz, dəyərli ziyalımız Kərim Kərimlinin o gün yazdığı şeir, sanki Şuşaya yazılmış bir sevgi məktubu, gələcəyə göndərilmiş bir niyyət idi. Təsadüfmü? Bəlkə də. Amma içində Vətən sevgisi olan hər söz gec-tez ünvanına çatır.
İndi Kərim müəllim artıq Şuşadadır. Doğma yurdunda, o illərlə həsrətini çəkdiyi torpaqda. O şeir isə artıq təkcə bir müəllifin deyil, bütün Azərbaycanın arzusunun səsi, Zəfərin poetik xatirəsinə çevrilib...
Çünki bütün arzuların başı… Şuşadı...
Tahirə AĞAMİRZƏ