Ağdam “Çörək Muzeyi”nin dünənindən, bu günündən bəhs edən film “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin layihəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.
Filmin ssenari müəllifi Firuzə Nadir bildirib ki, 3 minə yaxın nadir eksponatın toplandığı Ağdam “Çörək Muzeyi” dövlət tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunub. Muzeyin eksponatları arasında 3 min ildən çox yaşı olan nümunələr də olub. Firuzə Nadir belə bir unikal muzeyin darmadağın edilməsinin bəşəri cinayət olduğunu vurğulayaraq deyib: “Xoş niyyətlə yaradılan “Çörək muzeyi” ağdamlılar üçün quruca daş-divar deyildi, unikal mədəniyyət abidəsi idi. Çörəyin yaranması, bişirilməsi, ərsəyə gətirilməsi tarixini öyrənən dəyərli bir mərkəz idi. Ağdamlılar bu muzeyi elə xəmir kimi yoğurub yapmış, düz-çörəyə abidə qoymuşdular. Çörəyi dizinin üstündə olan ermənilər isə bu müqəddəsliyə də əl uzadıblar. Artıq doğma torpaqlarımız, mədəniyyətimiz əsarətdən qurtarılıb. Düşünürəm ki, bu film muzeyin bərpasında da müəyyən rol oynayacaq”.
Sonra film nümayiş etdirilib.
Filmdə muzeyin yaradılması və fəaliyyətində xidməti olanlar iştirak ediblər. Onlar muzeyin dünəni haqqında maraqlı məlumatları bölüşüb, bugünkü acınacaqlı vəziyyətindən danışıb, bərpası istiqamətində görülən işləri diqqətə çatdırıblar.
Təqdimat mərasimində Ağdam Rayon Mədəniyyət Şöbəsinin keçmiş müdiri Çimnaz Əliyeva, sonuncu direktoru Hafiz Əliyev və digər çıxış edənlər filmin mədəniyyətimizin təbliği baxımından əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin qətiyyəti ilə indi bütün Qarabağın, eləcə də Ağdamın yeni tarixi başlayır. Ağdamlıların yenə də çörəyin müqəddəsliyinə abidə qoyacaqlarına əminlik ifadə olunub.
Qeyd edək ki, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi 2004-cü ildə yaradılıb. İB-in əsas məqsədi xalqımızın zəngin milli mətbəxini, süfrə mədəniyyətini, etnoqrafik xüsusiyyətlərini, qonaqpərvərliyini, qonağa hörmət adətini, ənənələrini, milli bayramlarını, bir sözlə, milli dəyərlərini diqqətlə, dərindən araşdırmaq, tədqiq etmək, qorumaq, yaşatmaq və xaricdə təbliğ etməkdir. Təşkilat indiyədək bu mövzuda bir sıra əhəmiyyətli layihələr həyata keçirib. (AZƏRTAC)