19.11.2025, 16:45
AZ EN
20.10.2025, 20:42 249

Tərtərdə “XIX Əsr İrəvan Mətbəxi” kitabının təqdimatı olub

XƏBƏRLƏR
  • Beynəlxalq Kulinariya Günündə Tərtərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində  Azərbaycan Milli Kulinariya Assosiyasiyası tərəfindən ərsəyə gətirilən “XIX Əsr İrəvan Mətbəxi” kitabının təqdimatı olub.

Təddimat mərasimində alim və mütəxəssislər, ictimai xadimlər, Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri və üzvləri, rayonun ziyalıları, Qarabağ Regional Məşğulluq Mərkəzinin aşpazlıq kurslarının müdavimləri, Tərtər və Bərdə Peşə məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Mədəniyyət Mərkəzinin foyesində Tərtər rayonu ərazisində məskunlaşmış Qərbi Azərbaycan əsilli insanların ahıl təbəqəsindən  toplanmış mətbəx nümunələrinin etno-kulinar sərgisi qonaqlarda böyük marağa səbəb olub. 
Tərtər və Bərdə Peşə Təhsil  Mərkəzlərinin şagirlərinin, həmçinin Qarabağ Peşə hazırlığı Mərkəzinin Azərbaycan Milli Kulinariya Assosiyasındakı “Aşpazlıq“ kurslarının müdavimlərinin peşəkarlıqla hazırladıqları kulinariya nümunələri diqqət çəkib.
Tədbir Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himni səsləndirilməsi ilə başlayıb.
Tərtər rayon icra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd edib ki, Qərbi Azərbaycan mətbəxi əsrlər boyu formalaşan, nəsildən-nəslə ötürülən zəngin irsdir. Bu yeməklər təkcə süfrəmizdə yer alan təamlar deyil, həm də yaddaşımızda yaşayan tarixdir.
Kitabın müəllifi Azərbaycan Milli Kulinariya Assosiasiyası və türk dünyası mətbəx kültürü elmi və sənədləri birliyinin prezidenti, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov geniş məruzə ilə çıxış edib.O, bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərcivəsində ərsəyə gətirilən kitab 208 səhifədən ibarət nəşrdə 85 mənbədən istifadə etməklə, 1884-cü ildə İrəvanda doğulmuş 1913-1922-ci illərdə İrəvanda yemək və şirniyyat dükanının sahibi usta Əliqulu Zeynalovun əlyazması əsasında bərpa edilmişdir. Nəticədə 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar, minatürlər, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitabın üz qabığı rəssam Nigar Əliyevanındır. Kitab həm alimlər,  həm tədqiqatçılar, mədəniyyət işçiləri, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında bildirib ki, “XIX Əsr İrəvan Mətbəxi” kitabı təkcə kulinariya örnəklərinin toplusu deyil, həm də Qərbi Azərbaycanın mədəni irsinin, orada yaşamış xalqın həyat tərzinin, düşüncə və zövq dünyasının bərpasıdır.
“Bu kitabda təqdim olunan hər bir resept, hər bir təsvir — itirilmiş yurdlarımızın yaddaşından gələn izlərdir. Biz bu irsi öyrənməklə yalnız yemək mədəniyyətimizi deyil, həm də xalqımızın min illərlə formalaşmış yaşayış tərzini, ailə dəyərlərini və məişət mədəniyyətini gələcək nəsillərə ötürürük. Qərbi Azərbaycan mətbəxi – İrəvan, Göyçə, Zəngibasar, Dərələyəz kimi bölgələrimizin milli kimliyinin ayrılmaz hissəsidir. Bu irsin yenidən tədqiq olunması və tanıdılması həm elmi, həm də mənəvi baxımdan çox mühüm hadisədir.”- sədr vurğulayıb.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Sahib Alıyev,  kitabın həmmüəllifi, AMEA-nın Gəncə bölməsinin elmi işçisi Aynurə Əmiraslanova, Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi və Ekspertizası kafedrasının müdiri professor Əhəd Nəbiyev, Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi Fakültəsinin dekanı dosent Mehman İsmayılov, Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi və Ekspertizası kafedrasının dosenti Mərdan Tağıyev, Azərbaycan Texnologiya Universitetinin Turizm Sənayesinin təşkili kafedrasının baş müəllimi Füzuli Musayev, Gəncə Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru, entoqraf Nurlana Həmzəyeva bildiriblər ki, belə nəşrlər Qərbi Azərbaycan mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və dünyaya tanıdılması istiqamətində mühüm addımdır.
Sonda bir qrup sərgi iştirakçısı sertifikatlarla mükafatlandırılıb, kitabların imzalanma mərasimi keçirilib.

Tahirə AĞAMİRZƏ

 

Oxşar xəbərlər