Tamaşaçılar onları Ağdamın məşhur “Qarabağ bülbülləri” qrupundan tanıyıb sevdilər. Oxuduqları “Qarabağ şikəstəsi” ana laylaları, ata nəsihətləri oldu. Dörd oğlan idilər. Dördünün də yanğılı ifası, məlahətli səsi, şirin avazı onları hələ uşaq ikən məşhurlaşdırmışdı. Moskvanın ən böyük səhnələrində görkəmli sənətkarlarımızla birgə oxumaq da var imiş qismətlərində...
"Moderator.az" həmin dördlükdən biri-İzahat Cəfərovun həyat yoluna diqqət çəkib. O İzahat ki, ömrünün ən gözəl çağında sevənlərindən, ailəsindən, dostlarından, ələxsus da canından çox sevdiyi nəvələrindən ayrılıb, əbədi dünyasına köçdü. Ağdamın Şelli kəndində doğulan sənətçi elə ilk təhsilini də həmin kənddə alır və daha sonra Bakıya gələrək arzularının ardınca getmək istəyir.
"Moderator.az"-a açıqlama verən həyat yoldaşı Rahilə Cəfərova İzahat Cəfərovla tanışlığınının şirin xatirələrindən söhbət açır: “Onunla tanış olanda mənim 16, İzahatın isə 18 yaşı var idi. Birinci il universitetdən kəsilib, hərbi xidmətə getdi. Hərbi xidmətdən gələndən sonra biz ailə həyatı qurduq. Özümü onunla o qədər xoşbəxt sanırdım ki... Gözəl, mehriban bir ailəyə gəlin gəlmişdim. Murad Rzayev “Qarabağ Bülbülləri” qrupu üçün çox uşağı sınaqdan keçirmişdi. Amma bu uşaqların səsi onu qane etmişdi. Səslərinə görə fərqlənirdilər. Onlar dünyanın hər yerinə gediblər. Zeynəb xanımın ansamblı ilə Amerikada, Rusiyada olublar. Səsləri bu gün də “Qızıl fond” dadır. Mənim üçün o həm dost idi, həm də qardaş. İnanmazsınız bəlkə də, amma mən ona atam, anam kimi baxırdım. Anamı itirmişdim, elə bilirdim ki, anam sağdır. İzahat sağ olanda elə bilirdim ki, arxamda böyük bir güc, dağ var. Amma indi boşluqdur. Oğlum, qızım var, amma İzahatı mənə əvəz edən yoxdur” , - deyə sənətkarın ömür gün yoldaşı deyib.
İzahat Cəfərovun qızı Günel Cəfərova atasını daim yuxularında axtardığını bildirib:
“Çox böyük şəxsiyyət idi. Mən hər zaman deyirəm ki, o şəxsiyyətin qızı olmaq qüruru bir başqadır. Bu qüruru atam bizə yaşatdı. Dünyadan köçəndə 60 yaşı belə yox idi. Hər zaman yuxularıma gülərək gəlir. Xoş simasını görürəm, amma danışmırıq. 1993-cü ildə Ağdam işğal olundu, onda mən 1-ci sinfə gedirdim. Atamın qardaş, bacısı orada idi. İşğaldan sonra atam onların yükünü öz üzərinə götürdü. Bizimlə birlikdə illərlə bu evdə yaşadılar. Atam Ağdam işğal olunandan sonra oxumağı davam etdirmədi. Özü də deyirdi ki, bu qədər qayğılarla mümkün deyildi sənəti davam etdirim. Xoş günlərimizdə, yaxın insanların məclisində oxuyurdu. Atam son illər internat məktəblərində işləyirdi, qida bölümünə baxırdı. Səhər saat 5-də oyanırdı ki, uşaqlar səhər yemək yeyəndə gedib çatsın. Uşaqlara yeməyi verən o deyildi, sadəcə diqqət edirdi ki, kim yemək yeyir, kim yemir. Ağdamın işğaldan azad olunma xəbərini elə böyük sevincə qarşıladı ki... Nənəm də bizdə idi. Nənəm dedi ki, görəsən, gedib Ağdamı görəcəyik? 80 yaşı var idi. Atam dedi ki, əlbəttə ki, görəcəyik, babamın yerində ev də tikdirəcəyəm. Çox təəssüf ki, atam Ağdama gedə bilmədi. Ölümü də çox qəfil oldu. Başında şiş var idi. 90 gün xəstəxanada qalandan sonra dünyasını dəyişdi” deyə sənətkarın qızı deyib.
Sənətkarın bacısı Nargül Hüseynova qardaşının onlara daim yollarında çıraq olduğunu dilə gətirib: “Elə bil hiss edirdi ki, 60 yaşına çatmayacaq. O, bizim hamımızdan balaca idi, amma bizim hamımızın yol göstərəni, böyüyü idi. Övladlarımız bir addım atanda onunla məsləhətləşirdilər. Ağır günlərimizdə hamını bağrına basdı, qol-qanad açdı. İzahat müəllimi bu ailə, nəsil-kök üçün heç kim əvəz edə bilməz, onun yeri həmişə boş qalacaq. Şəxsən mən ona görə yaşayıram, yaşayıram ki, məni görən onu xatırlasın. İzahat internatda işləyirdi, orada fikir vermişdi ki, bir uşaq həmişə qəmli, kədərli olur. Yaxınlaşıb uşağı bağrına basıb soruşmuşdu ki, sən niyə belə edirsən?! Uşaq da demişdi ki, hamının atası, anası ad günündə gəlir, amma mənimki gəlmir. Uşağın bu sözünü ürəyinə salmışdı. Həmin uşağın ad günü olanda ona saat almışdı, hədiyyəni sənin atan göndərib demişdi. O, ata-anası üçün mükəmməl oğul idi. İzahat müəllim dünyasını dəyişəndə anam xəbəri alan kimi ürəyi partlayıb öldü. Qardaşımın 40 mərasimi anamın 40 mərasiminə qarışmışdı” deyə sənətkarın bacısı bildirib.
“Qarabağ bülbülləri” qrupunun keçmiş solisti Tacir Şahmalıoğlu İzahat Cəfərovla çox yaxın dost olmuşdular.
“İzahatın səsində başqa bir yanğı var idi. Qəm də var idi, kədər də, qüssə də. Fərqli səs sahibi idi. Səsi ilə xırdalıqları edə bilirdi. Bütün günümüz birlikdə keçirdi. Səsyazma studiyasında, məşqlərdə olurduq. Uşaq idik də, başqa dərdimiz, qayğımız yox idi. Hər zaman dostluq etmişik. Sonuncu dəfə nəvəsinin toyunda onunla görüşdüm. Mənə dedi ki, ay Tacir, ölümlü-itimli dünyadır, görüşüb oturaq. Bu sözündən 2 ay sonra İzahatı itirdik” deyə sənətkar bildirib.
Sənətkarın ömür-gün yoldaşı Rahilə Cəfərova deyir ki, bu gün də hər səhər, hər axşam onun yolunu gözləyir. Darıxıb, sıxılır. Göz yaşlarına boğulur. O yaxşı həyat yoldaşı, övladlarına ata, nəvələrinə baba olmağı bacardı. Təkcə xəstəliklə mübarizə aparmağı bacara bilmədi. İndi Rahilə xanımın ürəyindəki o boşluğu dolduran İzahat Cəfərovla sağlığında yaşadığı gözəl günlərin xatirəsidir.
Hazırladı: Tahirə AĞAMİRZƏ