21.11.2024, 21:10
AZ EN
23.08.2023, 09:00 245

Ölmə, Qəzənfər dayı, ölmə!

XƏBƏRLƏR
  • Bu gün Xalq artisti, sevimli aktyor, rejissor Şahmar Ələkbərovun doğum günüdür. O, 1943-cü il avqustun 23-də Gəncədə anadan olub. Atası Zülfüqar kişi Cəbrayıldan, anası İzulət xanım Tiflisdəndir. 9 yaşı olanda Şahmar ailəsi ilə birgə Gəncədən Bakıya köçüb.

Ş.Ələkbərov Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. "Ustalar" tamaşasında qazandığı uğurdan sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərоv onu kinostudiyanın nəzdində özünün yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib.

Şahmar Ələkbərov "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib.

Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərоv teleradio sahəsində də fəal olub. O, radioda ilk dəfə "Ulduz" proqramının aparıcısı kimi çıxış edib. Bundan başqa, onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb, "Molla Nəsrəddin" radio verilişinin aparıcısı olub, bir çox filmlərin dublyajında iştirak edib.

Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli-mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli-mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir.

20 illik yaradıcılığı dövründə müxtəlif rejissorlarla işləyib. Şahmar Ələkbərov “Dağlarda döyüş”, ("Yeddi oğul istərəm"), ("İntizar"), ("Axırıncı aşırım"), ("Həyat bizi sınayır"), ("Bakıda küləklər əsir"), ("Gəncəbasarlı qisasçı"), ("Firəngiz"), ("Arxadan vurulan zərbə"), ("Babək"), ("Qəribə adam"), ("Gözlə məni"), ("Qocalar, qocalar..."), ("Avqust gələndə"), ("Atları yəhərləyin") kimi filmlərdə bir-birindən maraqlı, unudulmaz obrazlar yaradıb. Ancaq onları birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi və bir də sənətinə olan hədsiz məhəbbətidir.

Şahmar Ələkbərovun elə qəhrəmanları var ki, onları xatırlamamaq mümkünsüzdür. "Yeddi oğul istərəm" filminə tamaşa edəndə hamımız Qəqəninin "Ölmə, Qəzənfər dayı, ölmə!" deyə onu yaralı halda qucaqladığı səhnəni səbirsizliklə gözləyirik. Bu çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb təbəssümə qovuşdurur. O, bunu bacarırdı və bu, hər aktyora xas olan keyfiyyət deyildi.

Şahmar Ələkbərov kinoda rejissor kimi də sözünü deyib. Onun bu sahədə ilk işi Gülbəniz Əzimzadə ilə birgə çəkdiyi "İmtahan" filmi olub. Sonra "Sahilsiz gecə"ni çəkib. Şahmar Ələkbərovun ssenarisi əsasında ekranlaşdırılan "Qəzəlxan" filmi də uğurlu alınıb. Bu film

Azərbaycanın görkəmli şairi Ə.Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır.

Xalq artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də 48 yaşında vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər