Anasının toxuduğu xalçaların üstündə iməkləyən, dil açıb yeriməyi öyrənən sənətkar müsahibələrinin birində deyib ki, bu sənət bizim Allahverənlər tayfasının çörək ağacı sayılırdı...1905-ci ildə ermənilərin Qarabağda törətdikləri qırğınlar zamanı Lətif Kərimovun 2 qqardaşı da ermənilər tərəfindən qətlə yetirilmişdi. 5-6 yaşlarında ailəsi ilə İranın Məşhəd şəhərinə köçən Lətif Kərimov burada klassik şərq sənəti olan kalliqrafiya üzrə təhsil alıb. Məktəbi bitirdikdən sonra Mirzə Ələkbər Hüseynzadədən xalçaçılıq sənətinin sirlərini öyrənirb. 22 yaşında Şuşada “Qarabağxalça” artelində təlimatçı kimi çalışan Lətif Kərimov Azərbaycan rayonlarını gəzərək milli ornamentlərimizi dərindən öyrənib. Cəmi 24 yaşında “Azərxalça” istehsalat birliyinin bədii-texniki rəhbəri təyin edilib. Onun təşəbbüsü ilə 1937-ci ildə Bakıda boyaçılıq emalatxanası yaradılıb. Onun eskizləri əsasında və rəhbərliyi ilə “Əfşan” (1931, 1957), “Qonaqkənd” (1939), “Ləçəkturunc” (1952, 1982), “Şuşa” (1953), “Göygöl” (1958), “Qarabağ” (1960), “İslimi” (1964), “Butalı” (1965), “Bahar” (1967, 1977), “Ağaclı” (1974) və başqa sujetli xalçalar toxunub.
Lətif Kərimov ilk dəfə xalça üçün rəng şkalasını yaradaraq tarixə düşüb. O, Şərq İslam mədəniyyətini mükəmməl bilirdi. Şərq ornament sənətinin simvolikasını, fəlsəfəsini elmi əsaslarla tədqiq edirdi. L.Kərimov sübut edib ki, dünya muzeyində “Qafqaz xalçaları” adlandırılan xalçaların azı 90 faizi Azərbaycan xalçalarıdır. Onun üççildlik “Azərbaycan xalçası” adlı kitabı dünyaya səs salır. Hələ kitabın I sayı çapdan çıxanda müxtəlif ölkələrin xalça ustaları ona saysız məktublar göndərərək təbrik ediblər. Almaniyanın xalçaçı alimi U.Şurman bu kitabı tapmaq üçün Moskvadan Vaşinqtona getməyə məcbur olduğunu etiraf edib. 28 yaşlı Lətif Kərimovun Firdovsiyə həsr etdiyi xalçası 1934-cü ildə Parisdə Ümumdünya Sərgisində uğurla nümayiş etdirilib. Məhz Lətif Kərimovun səyləri nəticəsində ilk dəfə 1967-ci ildə Bakıda Xalça Muzeyi yaradılıb. Dünya xalçaşünas alimlərin iştirakı ilə xalça simpoziumu təşkil olunub. 1986-cı ildə isə 80 yaşlı Lətif Kərimovun Londonda fərdi sərgisi təşkil olunub. L.Kərimov SSRİ dövlət mükafatı (1950), Əməkdar incəsənət xadimi (1955), Xalq rəssamı (1960), “Xalqlar dostluğu” ordeni (1986) kimi yüksək mükafat və təltiflərə layiq görülüb.
O, Şövkət xanımla ailə qurub. Bu evlilikdən 3 övladları dünyaya gəlib. Lətif Kərimovun ailəsi uzunömürlü olması ilə seçilib. Onun bacısı və anası 100 ildən artıq ömür yaşamışlar. O da 100 il yaşayacağına inanırdı... Lakin 1990-cı il 20 Yanvar qırğınlarında İnşaatçılar prospektindəki evinin eyvanından sovet əsgərlərinin dinc əhalini qırmasını izləyərkən bərk sarsılır. Səhhəti getdikcə pisləşən dünya şöhrətli sənətkar 1991-ci il sentyabrın 8-də 84 yaşında Bakıda dünyasını dəyişib. Fəxri Xiyabanda dəfn edilib.
Qeyd edək ki, nəticəsi Əfşan Rzayeva Lətif Kərimovun yaratdığı Xalça Muzeyində çalışır və babasının yolunu davam etdirir.
Hazırladı: Tahirə AĞAMİRZƏ